Səs siqnalı və sayrışan işıqdan istifadə etmədən qırmızı işıqdan keçib piyadalara təhlükə yaradırlar
Oxucular tərəfindən Avtosfer.az-ın elektron ünvanına Sumqayıt şəhərində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının kobud qayda pozuntularını əks etdirən iki video göndərilib. Vidolardan biri fevralın 26-da, saat 18:00 radələrində Sumqayıt şəhərindəki «Səməd» market deyilən yerdə qeydə alınıb. Videdan da göründüyü kimi, dövlət nömrə nişanı tam aydın görünməyən Yol-Patrul Xidməti avtomobili 3-cü zolaqdan sağa dönür. Bu zaman yolu keçən piyadalara təhlükə yaradan DYP avtomobili az qala piyadalardan birini vursun.
Bundan əlavə, videodan açıq-aydın görünür ki, həmin DYP avtomobili svetoforun qırmızı işığından keçir. İkinci videoda isə 99-YP-163 dövldət nömrə nişanlı YPX avtomaşını svetoforun qırmızı işığında hərəkət edir. Bu hadisə fevralın 28-də Sumqayıtdakı «Sevgilim» hadlıq evinin yaxınlığında baş verib.Yol polisləri əvvəlcə svetoforda dayansalar da, sağdan gələn «VAZ-2107» markalı avtomobili saxlamaq üçün qırmızı işıqda hərəkət edirlər.
Qanunvericiliyə görə, operativ nəqliyyat vasitələri, konkret olaraq yol polisi əməkdaşları yol hərəkəti qaydalarını o zaman poza bilərlər ki, onlar xüsusi səs siqnallarından və sayrışan işıqlardan istifadə etsinlər. Bundan əlavə, onlar qayda pozarkən təhlükəsizlik qaydalarına əməl etməli və digər hərəkət iştirakçılarının onlara yol verdiyinə əmin olmalıdırlar. Lakin bu videolardan görünür ki, Sumqayıt şəhər DYP-nin əməkdaşları ya sayrışan işıqlardan və səs siqnallarından istifadə etməyi bilmirlər, ya unudublar, ya da qayda pozmağa adi hal kimi baxırlar…
// Aktual.az