Yollarda piyadaların avtomobillər tərəfindən vurulması halları, əsasən, günün qaranlıq saatlarında baş verir.
Bunu Milli.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, yollarda piyadaların ölümü ilə bağlı hadisələrin çoxluğu ciddi narahatlıq doğurur: "Son 2 gün ərzində respublikanın yollarda baş verən piyada vurmaları nəticəsində 5 piyada ölüb. Ümumiyyətlə isə ilin əvvəlindən bu günədək piyadaların vurulması ilə bağlı 659 hadisə qeydə alınıb. Nəticədə 235 nəfər ölüb, 491 nəfər xəsarət alıb. Ümumiyyətlə, yol qəzalarının əksəriyyəti, yəni təxminən 40 faizini piyadaların vurulması təşkil edir. Bu hadisələr, əsasən, günü qaranlıq vaxtlarında, xüsusən də axşam saatlarında, şər qarışan vaxtı baş verir. Bəzi hadisələr məhz piyadaların təqsiri üzündən baş verir. Ona görə də artıq piydalarla bağlı məsələ ciddiləşib və böyük narahatlıq doğurur".
Şöbə rəisi qeyd edib ki, bu hadisələrin müxtəlif səbəbləri var. Onlardan bəziləri piyadaların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verirsə, digər səbəb xüsusən payız və qış fəsilləri dövründə yollarda görüntünün məhdudlaşması ilə bağlıdır: "Belə vaxtlarda yağış yağması, havanın tutqun olması sürücünün görmə imkanlarını məhdudlaşdırır. Bizdə azərbaycanlıların əksəriyyəti tünd və qara rəngli paltarlar geyindiyindən sürücülər onları ya çətinliklə görür, ya da gördükdə artıq gec olur. Piyadalar bəzən keçdiyi yolda hərəkət edən avtomobillə özü arasında olan məsfəni düzgün hesablaya bilmir və o, 7-8 saniyəyə yolu keçənədək avtomobil onu vurur. Bu piyadaların səriştəsizliyi, hərəkət qaydalarını bilməməsi və vəziyyətin ciddiliyini nəzərə almaması ilə bağlıdır. Yaxşı olar ki, piyadalar üstündə parıltılı elementi olan paltarlar geyinsinlər. Artıq uşaq paltarlarının əksəriyyətində işığı əks etdirən elementlər vurulur. Böyüklər də bunu nəzərə almalıdır. Düzdür, hamı işıq əks etdirən paltarlar geyinməsə də, mütləq yolu keçərkən diqqətli olmalıdır. Əks halda tələskənlik piyadaların həyatı bahasına başa gələ bilər".