Metronun Avtovağzal stansiyasının tikinitisi ilə əlaqədar Sumqayıt-Bakı yolunda günün müxtəlif saatlarında avtomobillərin sıxlığı müşahidə olunur. Bu isə həmin istiqamətdə hərəkət edən insanların mənzil başına vaxtında çatmasına mane olur.
Sözügedən yolda müşahidə olunan sıxlıqla bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, Sumqayıt-Bakı yolunda ilk günlər nəqliyyat vasitələrinin sıxlığı yaransa da, artıq ərazidə tıxac müşahidə olunmur.
Qurum rəsmisi həmin yolda sıxlığı yaradan amillərə toxunaraq bildirib ki, tıxacı sürücülər yaradır: “Sürücülər həmin ərazidən keçərkən sürəti azaldırlar. Bu da yolda sıxlığın yaranmasına, nəqliyyatın ləngiməsinə səbəb olur. İki gün öncə ilə müqayisədə ərazidən keçmək artıq rahatdır”.
Qadağalara baxmayaraq yük maşınlarının Bakıda hərəkət etməsinə gəlincə isə, K.Əliyev qeyd edib ki, onlar yol polisinin verdiyi buraxılışlar əsasında paytaxta daxil olurlar: "Maksimum kütləsi 5 tona qədər olan yük avtomobilləri və dövlət əhəmiyyətli obyektlərdə işləyənlər Bakı şəhərində hərəkət edə bilərlər. Amma digər yük avtomobillərinin təkcə Bakı şəhərinə girişi yox, gündüz vaxtlarında da şəhərdə hərəkətinə məhdudiyyət qoyulub”.
Aktual.Az