Bakının Azadlıq prospektində həddən artıq gərgin vəziyyət yaranıb. Hazırda yolda avtomobillərin sıxlığı və tıxac müşahidə edilir.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, paytaxtın Azadlıq prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində əsaslı təmir-tikinti işləri aparılır: "Yolun həmin hissəsində kommunikasiya xətləri çəkilir, səki daşları dəyişdirilir, piyada və avtomobil yolunun asfalt örtüyü yenilənir. Bununla əlaqədar sözügedən istiqamət üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Yəni Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən başlayaraq M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində Süleyman Sani Axundov küçəsinin kəsişməsinədək hissəsi nəqliyyatın hərəkəti üçün qismən məhdudlaşdırılır. Ona görə də sürücülərdən və həmin ərazidə yaşayan sakinlərdən xahiş edilir ki, bunu nəzərə alıb Azadlıq prospektindən mümkün qədər az istifadə edib alternativ variantlara üstünlük versinlər".