Azərbaycan DİN-in dövlət yol polisi çimərlik və istirahət zonalarına gedən yollarda yay reydlərinə başlayıb.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Kamran Əliyev reydlərin yay mövsümünün sonuna qədər davam edəcəyini bildirib.
“Yayın və məzuniyyət mövsümünün başlanması ilə əlaqədar öz avtomobillərində çimərlik və istirahət mərkəzlərinə yollanan sürücülərin sayı artıb. Onlar tez-tez yol hərəkəti qaydalarını pozurlar, bu səbəbdən də çimərlik və istirahət zonalarına gedən yollarda, eləcə də Bakının giriş və çıxışlarında reydlər davam edəcək, yollarda nəzarət artacaq”, - Kamran Əliyev deyib.
Reydlər zamanı, əsasən, sükan arxasına sərxoş halda oturan, sürəti artıran, yol hərəkəti qaydalarını pozan sürücülər aşkar ediləcək.
Şənbə və bazar günlərində bu reydlər gücləndirilmiş rejimdə aparılacaq.
Respublikanın turistik regionlarında – Şamaxı, İsmayıllı, Quba, Qusar, Qazax, Qəbələ, Xaçmaz, Zaqatala və digər rayonlarda da nəzarət gücləndiriləcək.
Xəbər 369 dəfə oxunub.