Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə aydınlıq gətirəcəklər.
Aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal olan yığmamız bu gün də bütün çəki dərəcəsində təmsil olunacaq.
Dünya və Avropa çempionumuz Həsən Əliyev (66 kq) mübarizəyə təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşəcək.
Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev (66 kq) də yarışa ilk mərhələdən qoşulacaq. O, slovakiyalı Riçard Riqo ilə üz-üzə gələcək.
Millimizin liderlərində olan Saman Təhmasibi (85 kq) ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayacaq. O, mərhələ adlayarsa, Maksim Manukyan (Ermənistan) - Artur Omarov (Çexiya) cütünün qalibi ilə güləşəcək.
Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti (130 kq) 1/8 finalda Mikola Kuçmi ilə güləşəcək.
Qeyd edək ki, yunan-Roma yarışın ilk günündə Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.
Aktual.az