Yeznəsinin qətlinə görə 18 il cəza alan gəncin şikayəti təmin edilməyib - (EKSKLÜZİV FOTO)

Yeznəsinin qətlinə görə 18 il cəza alan gəncin şikayəti təmin edilməyib - (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Tərtər rayon sakini Ziya Əzizovun (1996-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 128 (qəsdən sağlamlığa yüngül zərər vurma) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, ötən il yanvarın 20-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşadığı yataqxanada Ziya Əzizov mübahisə etdiyi bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılova (1991-ci il təv.) bıçaq zərbəsi endirib. Nəticədə sonuncu kəskin qanitirmədən 3 saylı kliniki xəstəxanada ölüb, cinayəti törədən Ziya Əzizov isə Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olub.  
 
İttiham aktına əsasən, hadisənin baş verməsinə borc məsələsi səbəb olub. Belə ki, Vasif İsmayılov bacısı Aynurla birlikdə Əzizovların Xasməmməov küçəsində yaşadığı evə gəlib və borc verdiyi 1500 manat pulu tələb edib. Mübahisə zamanı Vasif Ziyanın atasını təhqir edib, daha sonra satıcı işləyən Ziya müdirindən icazə alaraq tələsik evə qayıdıb. Aynur Ziyanı təhqir edib, Vasif əlbəyaxa olarkən onun boğazından tutub. Əsəblərini cilovlaya bilməyən Əzizov üzərindəki bıçağı çıxarıb və İsmayılova bir bıçaq zərbəsi endirib.
 
Məhkəmə prosesində Ziya Əzizov özünü qismən təqsirli hesab edib. O, bilərəkdən yeznəsinə bıçaq vurmadığını, burada xüsusi amansızlıq, əvvəlcədən planlaşdırılmış şəkildə törədilən bir cinayət olmadığını bildirib. Əzizov əməlindən peşman olduğunu qeyd etməklə yanaşı xahiş edib ki, bəzi ağırlaşdırıcı hallar aradan qaldırılsın. Çünki mübahisə vaxtı Vasifin bacısına xəsarət yetirməyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə , Vasifgil olnlara 1500 manat faizə pul veriblər. Məbləğ vaxtında ödənilmədikdən ailələr arasında narazılıq yaranıb : "Xəstə atamın müalicəsi üçün pul lazım olduğundan, onlardan 1500 manat sələmə pul aldıq. Həmin gün də Vasiflə bacısı ilə bizə gəlib, ailə üzvlərimi təhqir edib, pul istəyiblər. Qardaşım mənə zəng eləyib deyib ki, atamın vəziyyəti pisdir. Buna görə də qaçaraq evə gəldim".  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əzizov 18 il müddətinə azadlıqdan məhrum olunub. 

Hökmdən məhkum cəzasının azaldılması məqsədi ilə apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.







Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR