Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra baş verdikdən sonra Azərbaycanda satışda olan yerli içməli suların da qiymətində dəyişiklik olub.
Aktual.az-ın AzNews.az-a istinadən məlumatına görə, yerli su şirkətləri qiymətləri kəskin şəkildə bahalaşdırıb. Xaricdən alınan suların qiymətindəki artım başa düşülən olsa da, yerli şirkətlərin də eyni addımı atması süni qiymət artımına yol verməkdir.
AzNews.az-ın əməkdaşı su satışı ilə məşğul olan bir neçə yerli şirkətlə əlaqə saxlayıb. Məlum olub ki, əksər şirkətlərdə 20-25 faizlik artım var.
Beləliklə 19 litrlik su balonlarının bahalaşmadan əvvəlki və hazırki qiymətlərini təqdim edirik:
“Gədəbəy Mineral Suları” şirkəti tərəfindən qablaşdırılan “Slavyanka” sularının qiyməti 20 faiz qaldırılıb. Şirkətdən AzNews.az-a bildirildi ki, hazırda evlərə çatdırılan 19 litrlik su 3 manat 80 qəpik, ofis və şirkətlərə aparılan 19 litrlik su isə 3 manat 60 qəpik olub.Su balonunda olan pompa isə Türkiyədən gətirildiyi üçün 5 manatdır.
“Damla LTD” MMC-dən isə 19 litrlik suyun qiymətinin nə az, nə çox düz 1 manat artırıldığı deyildi. 19 litrlik su əvvəl 3 manata satılsa da, hazırda 4 manata satılır. Şirkət nümayəndəsi qiymət artımını su balonlarının Türkiyədən alınması ilə izah edib.
Ümumiyyətlə bu sulardan alan müştərilər birmənalı olaraq bir ədəd balon və pompa almalıdırlar. Əsas artım da bunlardadır. Məsələn əvvəl 19 litrlik “Damla” suyu 10 manat idisə, hazırda bu suların qiyməti 15 manatdır. Pompaların qiyməti isə əvvəl 3 və 5 manat idi. Lakin suyun qiymətinin artırılmasından sonra pompalar 5 və 7 manata satılır.
“Sirab” mineral sularının da qiymətlərində artım var. Belə ki, əvvəl 3 manat 55 qəpiyə satılan 19 litrlik su hazırda 4 manat 26 qəpiyə satılır.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirildi ki, şirkətin istehsal etdiyi təbii müalicəvi “Badamlı” mineral sularının qiymətində artım yoxdur. Belə ki, 19 litrlik su həmişə olduğu kimi 6 manat 50 qəpiyə satılır.
“Qafqaz Aqua”nın 19 litrlik suyu isə hazırda 3 manatdır. Su balonla birlikdə verildiyi zaman 10 manata başa gəlir.
“Kristal Ltd” şirkətinin istehsal etdiyi 19 litrlik “İpək su” 3 manat 50 qəpikdir. Balonla birlikdə isə su 10 manatdır. Balonun pompası isə 15 manatdır.
Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında manatın məzənnəsinin dəyişməsindən sonra bəzi işbazların qiymətləri süni şəkildə qaldırması məsələsinə toxunub. O, bildirib ki, Azərbaycanda istehsal olunan malların qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır: “Süni bahalaşmaya son qoyulmalıdır və bununla bağlı çox ciddi cəza tədbirləri görülməlidir”.