Yeni tikilən metro stansiyasının adı nə olacaq? — AÇIQLAMA

Yeni tikilən metro stansiyasının adı nə olacaq? — AÇIQLAMA

Paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında inşa edilən yeni metrostansiyada işlər yekunlaşmaq üzrədir. Hazırda stansiyada son tamamlanma prosesi gedir. Uzun müddətdir təmir-tikinti işlərinin getdiyi bu obyektin istifadəyə verilməsi ərazidəki sakinlərin və tələbələrin hərəkətini xeyli rahatlaşdıracaq.
"Bakı Metropoliteni” QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. "8 Noyabr” - b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib. Qurum rəsmisi stansiyanın ilin sonuna qədər hazır olmasının və təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Stansiyanın hansı adı daşıyacağı isə hələlik maraq mövzusudur. Ərazidə mühüm tibb ocaqlarının yerləşməsini nəzərə alaraq, stansiyaya Mustafa Topçubaşov kimi tanınmış alimlərin və ya milli qəhrəmanların adının verilməsi müzakirə olunur. Lakin advermə proseduru fərqli mexanizmlə tənzimlənir.
"Bakı Metropoliteni" QSC-dən musavat.com-a bildirilib ki, mövcud qanunveriliciyə uyğun olaraq, stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir və yeni stansiyanın adı ilə bağlı rəsmi məlumat yoxdur.
Müstəqillik illərinə qədər adlar SSRİ Nazirlər Soveti tərəfindən müəyyənləşdirilsə də, artıq bu səlahiyyət Azərbaycan Nazirlər Kabinetinə məxsusdur. Bakı metrosunda fəaliyyətə başladığı 1967-ci ildən bəri bir çox stansiyanın adı dəyişdirilib. Məsələn, 1992-ci ildə "XI Qızıl Ordu Meydanı” stansiyası "20 Yanvar”, "28 Aprel” isə "28 May” adlandırılıb. Həmçinin "Avrora” stansiyası "Qara Qarayev”, "26 Bakı Komissarı” isə "Sahil” adını alıb. Adı dəyişdirilən sonuncu stansiya isə 2011-ci ildə "Məşədi Əzizbəyov”dan "Koroğlu”ya çevrilən dayanacaq olub.
Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR