Noyabrın 25-də Şəmkir Sərhəd Dəstəsinin mürəkkəb relyefə malik ərazidə yerləşən daha bir sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev də iştirak edib.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması qeyd edilib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali dövləti qayğının növbəti təzahürü olduğu vurğulanıb. Tədbirdə, prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında tezliklə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanacağına əminlik ifadə edilib.
Mərasim iştirakçıları “Dəmirtəpə” sərhəd zastavası kompleksində yaradılmış şəraitlə tanış olublar.
Ən müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, xüsusi təyinatlı otaqlar, təlim şəhərcikləri, nizami meydan, idman meydançaları, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana və digər tikililər sərhədçilərin istifadəsinə verilib. Sərhəd zastavasında zabit və gizirlər üçün tikilmiş yeni mənzillər zəruri mebel və avadanlıqlarla tam təmin edilib.