Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda tərkibi genetik modifikasiya olunan (GMO) pambığın satışı, istifadəsi və idxalının qadağan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Aktual.az-ın AzVision.az-a istiinadən məlumatına görə, bununla bağlı məsələ “Pambıqçılıq haqqında” qanun layihəsində öz əksini tapıb.
Dəyişikliklər layihəsi barədə məlumat verən MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bundan sonra ölkədə genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək. Dəyişiklik layihəsi səsvermədən sonra təsdiq edilib.
Daha sonra millət vəkilləri plenar iclasda Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanının ("Qızıl Ulduz" medalı) və “Şah İsmayıl” ordenin təsviri və tərkibinin dəyişdirilməsini təsdiq edib. “Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanuna əsasən, nişanın ilgək və halqa vasitəsi ilə 27 mm x 20 mm olan ölçüsü dəyişdirilərək ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə edilir. Qanunun 1.2.2-ci maddəsində isə “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözləri ilə əvəz edilir.
“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanuna görə isə ordenin təsviri belə verilir: “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında “Şah İsmayıl” sözləri yazılıb”.
Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: “Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında “Şah İsmayıl” yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub”.