Çin və Rusiya döyüş təyyarələrinin keçən ay Alyaska yaxınlığında patrul etdiyi zaman Pekin və Moskva arasında artan hərbi əməkdaşlığın son əlaməti olaraq iki Çin hərbi nəqliyyat təyyarəsi Rusiya hava limanında peyk tərəfindən müşahidə edilib. Tokio Universitetinin Qabaqcıl Elm və Texnologiya Tədqiqat Mərkəzinin təhlilində deyilir ki, bəzən hava missiyalarında dəstək rolunu oynayan Çin Hərbi Hava Qüvvələrinə məxsus iki Y-20 nəqliyyat təyyarəsi iyulun 24-də Rusiyanın Çukotkadakı Anadır aerodromunda yerləşdirilib.
Aktual.az xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin analizində deyilir.
Qeyd edilib ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin bir neçə gün əvvəlki açıqlamasında Rusiya və Çin bombardmançı təyyarələrinin Alyaska sahillərinə 200 mil məsafəyə qədər yaxınlaşdıqlarını bildirib.
"Bu durum ABŞ-la yanaşı Kanadanı da narahat edib. Nəticədə hər iki ölkə Alyaska tərəfə xeyli hərbi təyyarə qaldırmaq məcburiyyətində qalıb. Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Alyaska istiqamətində də hərbi fəallığını artırıb. Rusiya Alyaska istiqamətində Çinlə hərbi tərəfdaşlığını gücləndirib. Çin Müdafiə Nazirliyi bu əməkdaşlığın üçüncü ölkəyə qarşı yönəlmədiyini açıqlasa da, Vaşinqton və Ottava buna inanmır. Çin Alyaska istiqamətində Rusiya ilə birgə hərbi təlimlərə üstünlük verməklə Vaşinqtona bu mesajı göndərib: "ABŞ Tayvanla hərbi əməkdaşlıqdan imtina etmədiyi halda Çin də ABŞ-a Alyaska istiqamətində Rusiya ilə birgə problemlər yaradacaq”. Qarşı duran ölkələrin hərbi təyyarələrinin bir-birinə çox yaxınlaşması bu bölgədə gərginliyi artırıb”.
Xəbər 163 dəfə oxunub.