Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Bununla da İqtisadiyyat Nazirliyi yanında olan xidmət bu sənədlə mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.
Yeni dövlət qurumunun yaradılması nəyi dəyişəcək?
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O bildirib ki, inhisara qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır:
"Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisara qarşı mübarizənin daha da gücləndirilməsi və rəqabətin müdafiəsi daha prioritetləşib. Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan, xidmətin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institusional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardır.
Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək. Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımdan vacib sahələrdir.
Bir müddət oncə Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdi. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəflədiyindən bu sahədə idarəetmənin çevikliyi çox önəmli idi. Çünki yeni qurumun yaranmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır”.
Xəbər 129 dəfə oxunub.