“Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəzadan artıq iki sutkadan çox vaxt keçir. Lakin xilasedicilər dənizə düşən neftçiləri sağ tapacaqlarına olan ümidlərini hələ də itirmir. Hərçənd bunun praktiki olaraq mümkünsüzlyünü də anlayırlar...
Aktual.az Virtualaz.org-a istinadən xəbər verir ki, xilasedicilərin itkin neftçiləri axtardıqları bir vaxtda hiddətini sosial şəbəkələrdə izhar edən ölkə ictimaiyyəti də bu dəhşətli faciənin müqəssirlərini axtarmaqda davam edir. Onlar isə şübhəsiz ki, tapılacaq. Faciənin səbəbləri araşdırlır.
Amma bunu da heç kim inkar eləmir ki, əsas müqəssir dəlisov Xəzərdir. Xilasetmə işlərində iştirak edənlərdən biri Denis Borodin danışır ki, qəza zamanı Xəzərdə dalğanın hündürlüyü rekord həddə - 11 metrə çatıbmış. Neftçilərin içində olduğu birinci qayığı dirəklərə bağlayan tros bu güclü dalğaların zərbəsinə dözməyərək qırılıb. Nəticədə 30 neftçi buz kimi soyuq suya düşüb, güclü dalğalar onları kilometrlərlə uzaqlara aparıb. Belə vəziyyətdə xilas olmaq şansları praktiki olaraq sıfıra bərabər olur.
Xəzərdə belə fırtınalar nadirən olur və hər yarım əsrdən bir baş verir. Xəzərdə sonuncu belə fırtına 1957-ci il, noyabrın 21-də olub. O da böyük faciə ilə nəticələnib.
“Neft daşları”nın ilk cığıraçanlarından olan məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Mixail Kaveroçkinin briqadası həmin gün neft yatağında kəşfiyyat aparırdı. Fırtına başlayanda qazma platformasında Mixail Kaveroçkinlə birgə 21 neftçi olub.
Nəhəng dalğalar dəniz səviyyəsindən 8 metr hündürlükdə olan qazma meydançasını ağuşuna alıb. Lakin təcrübəli neftçilər panikaya düşməyiblər. Sahildəki adamlar radioda Mixail Kaveroçkinin sakit səsini eşidiblər. Mixail Kaveroçkin deyirmiş ki, onlar buruğa dırmaşırlar, dalğalar neftçiləri yuyub aparmasın deyə özlərini buruğa bağlayacaqlar.
Xilasedicilər neftçilərə kömək etməyə səy göstərirdilər. Lakin əbəs yerə. Nəhəng dalğalar onlara buruğa yaxınlaşmağa imkan vermirdi.
Gəmilər bu təhlükəli zonaya yalnız bir gündən sonra fırtına nisbətən sakitləşəndə yaxınlaşa bildilər. Lakin orada buruqdan əsər-əlamət olmayıb. Dalğaların gücünə tablamayan buruq uçub dənizin dibinə gömülmüşdü. Dalğıcların neftçilərin cəsədlərini axtarmaq cəhdləri də nəticə vermədi. Fəlakətlə döyüşən 22 neftçinin hamısı həlak oldu. Heç kimi tapıb dəfn etmək mümkün olmadı. Neft daşları yox çıxan neftçilərin rəmzi məzarına çevrildi.
Kaveroçkinin adı isə əbədiləşdirildi. Bakı küçələrinin birinə onun adı verildi. Həmin quyunun yerində isə Neft Daşları ucaldı. Neft Daşlarının mərkəzi adasında – Çvanovoda Kaveroçkinə heykəl qoyuldu. Onun briqadasının sığındığı neftçi koması isə yadigar kimi saxlandı...
58 ildən sonra isə Xəzərdə buna bənzər digər faciə baş verdi. Xəzər onun dibindən çıxarılan neftə görə yenə qurban tələb etdi, yenə can aldı. Yenə də həmin hündür və qorxunc dalğalar, yenə də bu dalğaların ağuşunda çarəsiz vəziyyətə düşən neftçilər, yenə də köməyə tələsən dalğıc-xilasedicilər, yenə də nəticəsiz axtarışlar...
“Günəşli” yatağındakı faciədə itkin düşmüşlərin siyahısında 29 neftçinin adı var. Onlardan kiminsə sağ qalması şansları praktiki olaraq yoxdur. Amma heç olmasa belə ümidlər var ki, həmin 29 neftçinin cəsədi tapılıb dəfn olunacaq. Kaveroçkinin briqadasındakı neftçilərdən fərqli olaraq...
Bu faciədən qaçmaq niyə mümkün olmadı? Axı hidrometeoroloji xidmət bu 58 ildə xeyli inkişaf edib, imkanları artıb. Fırtına barədə vaxtında xəbər vermək və neftçiləri platformadan təxliyə etmək doğrudanmı mümkün deyildi?
Bütün bunları müstəntiqlər araşdıracaq. Bizə isə yalnız ona ümid etmək qalır ki, xilasedicilər neftçilərin heç olmasa cəsədlərini hər halda tapacaqlar.
Əgər yarım əsr əvvəl Kaveroçkinin briqadası ilə bağlı olduğu kimi, itkin neftçilərin cəsədləri tapılmasa, onda 10 saylı özülü onların vahid qardaşlıq məzarı saymaq olar. Bu platforma ölkəyə hər gün 900 ton neft və 1 milyon kubmetr qaz verir. Onu bağlamayacaqlar. Axtarışların nəticəsindən asılı olmayaraq 10 saylı platformaya itkin neftçilərin adını verməklə onların xatirəsini əbədiləşdirmək lazımdır.