Azərbaycanda yeni dövlət qurumunun - Qida Təhlükəsizliyinə Nazarət Agentliyinin yaradılması gözlənilir. Yeni qurum Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi şöbələri və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bazası əsasında yaradılacaq.
Mövzu ilə bağlı professor Adil Qeybulla Deyerler.Org-la fikirlərini bölüşərkən qeyd edib ki, yaradılan bu tip idarələrin effektli rolunu görmür: “Azərbaycanda buna qədər qidaların keyfiyyətinə nəzarət edən idarə mövcud idi. Sadəcə bu idarənin fəaliyyətini normal qurmaq və onun səmimi fəaliyyətini təmin etmək lazımdır. Məlum olduğu kimi, ölkədə formal şəkildə fəaliyyət göstərən qurumlar kiafyət qədər çoxdur. Azərbaycana idxal edilən məhsulların əksər hissəsi çox ciddi korporativ maraqların üzərində qurulub. Bu məhsulların qida sertfikatlarının da səmimi yoxlanması nə dərəcədə təmin olunması müəyyən edilməlidir. Bu gün marketlərdə olan məhsulların böyük əksəriyyətinin keyfiyyət parametrləri aşağıdır. Onların zərərləri haqqında yayılan məlumatlar da əsassız deyil. Bütün bu məsələlər sistemli şəkildə həllini tələb edir. Hansısa yaradılan qurum məsələnin həlli demək deyil. Qida təhlükəsizliyi konsepsiyası olmalıdır. Qida təhlükəsizliyi konsepsiyası milli təhlükəsizliyin tərkib hissəsi olmalıdır. Bu sistem şəklini alacaqsa və burada dövlətin maraqları qorunacaqsa, genefondun təhlükəsizliyi də təmin olunmuş olacaq. Amma yaradılan bu tip idarələrin effektli rolunu görmürəm”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, bu qurumun yaradılması ilə müsbət dəyişiklikləri əldə etmək mümkün olmayacaq: “Bu cür qurumların yaradılmasında hansı məqsədlərin güdülməsi tam olaraq aydın deyil. Əksər hallarda biz görürük ki, bu cür qurumlar aid olduğu sahəyə yardım etmək deyil, sadəcə nəzarət həyata keçirdirlər. Bu da ümumi işə çox ciddi mənfi təsir edir. Hökumətin əsas işi burada siyasəti müəyyənləşdirməkdir. Qida təhlükəsizliyi ilə bağlı müəyyən normativlər mövcuddur. Yaradılacaq qurum bu normativlərin tətbqi edilməsi istiqamətində müxtəlif addımlar atmalıdır. Amma bu cür qurumları yaradıb yeni bir nəzarət mexanizmini işə salmaqla işləri irəli aparmaq mümkün deyil. Bu baxımdan düşünürəm ki, bu qurumun yaradılması ilə də bu istiqamətdə müsbət dəyişiklikləri əldə etmək mümkün olmayacaq”.
Xəbər 257 dəfə oxunub.