"Yaqlandın öz nümayəndəsini geri çağırması bizi təəssüfləndirdi" -Səməd Seyidov


Bu gün Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilir.


Aktual.az  Trendə istinadən xəbər verir ki, iclasda İşçi Qrup üzvləri olan hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.
İclasa sədrliyi qrup üzvü, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov edir.

S.Seyidov bildirib ki, İşçi Qrupun fəaliyyəti çox səmərəli şəkildə qurulub. O, Avropa Şurasının Baş katibi Torbörn Yaqlandın İşçi Qrupdan öz nümayəndəsini geri çağırmasını xatırladaraq deyib ki, İşçi Qrupda AŞ PA Baş katibinin nümayəndəsinin iştirakı o qədər də əhəmiyyət kəsb etmir: "Biz İşçi Qrupun qapılarını beynəlxalq təşkilatlarla əməkdaşlığa açmışdıq. İşçi Qrup beynəlxalq təşkilatlar üçün fəaliyyət göstərmir. İşçi Qrup ona görə yaradılıb ki, öz problemlərimizi özümüz müzakirə edib hökumətə müvafiq tövsiyələr verək".

İşçi Qrupun üzvü, millət vəkili Azay Quliyev isə bildirib ki, İşçi Qrupun fəaliyyəti Azərbaycan daxilində dialoqun gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir: "Ancaq İşçi Qrupa qarşı müxtəlif təzyiqlərin şahidi oluruq. Yaqlandın öz nümayəndəsini geri çağırması bizi təəssüfləndirdi. Biz beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğumuzu bildiririk. Beynəlxalq təşkilatlar isə bu əməkdaşlıqda niyyətli olmadıqlarını göstərdilər".

Məlumata görə, İşçi Qrupunun müzakirələrdən sonra adları əfv siyahısına düşəcək şəxslərlə bağlı hazırlanacaq siyahının İşçi Qrup adından təqdim ediləcəyi gözlənilir. 

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR