Hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında yer alan bəzi namizədlərin tanınmış rəqiblərinə “qurban veriləcəyi” barədə iddialar səsləndirilir.
Bu iddialardan bəzilərinin 1 noyabrda gerçəkliyə çevriləcəyini əminliklə vurğulayanlar arasında elə YAP-çıların özləri də az deyil.
Maraqlıdır ki, bu namizədin hazırda Milli Məclisin mandatını daşıyan deputatı Əsabil Qasımov olduğu bildirilir.
79 saylı İmişli seçki dairəsinin hazırki deputatı Əsabil Qasımov parlamentin danışmayan üzvlərindəndir. Parlamentdə sükut edən bu deputat seçildiyi bölgədə millət vəkilindən çox “Karat Holdinq” şirkətinin sahibi kimi tanınır.
Bəziləri onun növbəti seçkilərdə yenidən YAP-ın deputatlığa namizədləri siyahısına salınmayacağını gözləsə də, əksi baş verdi. Amma deyəsən hakim partiya siyahlıya saldığı deputatın yenidən mandat qazanmasında maraqlı deyil. Bu haqda saytımıza hakim partiyaya yaxın mənbələr məlumat veriblər.
Qeyd edək ki, 1 noyabr seçkilərində 79 saylı İmişli seçki dairəsində 15 deputatlığa namizəd mübarizə aparacaq. Əsas rəqiblər isə bu dairənin adını qeyd etdiyimiz hazırki deputatı Əsabil Qasımovla İmişlinin eks-deputatı İltizam Əkbərlidir.
Bizə verilən məlumatda bildirilir ki, hakim partiya öz namizədi Əsabil Qasımovun əvəzinə Müsavat Partiyasından olan İltizam Əkbərlinin parlamentə seçiləcəyinə maneçilik törətməyəcək. Yəni bu dairədən Milli Məclisə müsavatçının deputat seçiləcəyi istisna edilmir. İltizam Əkbərli söügedən dairədə nüfuza sahib olan şəxslərdən sayılır.
YAP-ın Əsabil Qasımovla bu cür davranmağının səbəbi isə açıqlanmır. Sadəcə, bildirilir ki, “Karat Holdinq” şirkətinin sahibi deputat kimi gözlənilən ümidləri doğrultmadığından, o, bundan sonrakı fəaliyyətini iş adamı olaraq davam etdirəcək.
Qeyd edək ki, 79 saylı İmişli seçki dairəsində son günlərədək İltizam Əkbərlini qeydə almaq istəmirdilər və sonradan onun deputatlığa namizədləiyini rəsmiləşdirmək məsləhət olunub.
Əsabil Qasımov 8 noyabr 1955-ci ildə İmişli rayonunda anadan olub. 1980-ci ildə Moskva Yeyinti Sənaye İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakı Ət Kombinatında başlayıb. “Karat Holdinq” MMC-nin sahibidir.
İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə İmişli rayonunda müəllim kimi başlayıb. 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.1992–1993-cü illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub.
2005-2010-cu illərdə 79 saylı İmişli seçki dairəsinin deputatı olub. Müsavat Partiyasının üzvüdür.\modernaz
Aktual.az