YAP-ın saytı da yol polisini "vurdu"

YAP-ın saytı da yol polisini

YPX-nin fəaliyyət prinsipi bir çox hallarda çərçivədən çıxır

Ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetindəki müşavirəsində dövlət qurumlarındakı məmur özbaşınalıqları barədə vurğuladığı tənqidi fikirləri və bu istiqamətdə ictimai qınağın vacibliyi haqqında irəli sürdüyü tezisləri ilk növbədə xalqın marağının təminatına yönəlmiş qətiyyətli addımdır. Beləliklə, ictimai qınaq barədə irəli sürülən mühüm fikirlər bir daha təsdiq etdi ki, məmurlar, müxtəlif sahələr üzrə fəaliyyət göstərən dövlət qurumları bir çox hallarda vətəndaşlara nümunəvi xidmət göstərmək yerinə, tamamilə başqa istiqamətdə iş aparırlar. Belə qurumlardan biri də Dövlət Yol Polisidir.

Son zamanlar Dövlət Yol Patrul Xidməti (YPX) ilə bağlı cəmiyyət tərəfindən ciddi siqnallar eşidilməkdədir. Belə ki, sürücülərin yeri gəldi-gəlmədi YPX əməkdaşları tərəfindən saxlanılmaları, onlara qarşı heç bir qanunvericilik tələbinə uyğun olmayan münasibətlər birmənalı olaraq vətəndaşlar tərəfindən narazılıqlarla qarşılanır, qınanılır. Ümumiyyətlə, istər sosial şəbəkələrdə, istərsə də müxtəlif media vasitələrində bu və digər amillərlə bağlı çoxsaylı videogörüntülərin mövcudluğu da belə qənaətə gəlməyə əsas verir ki, YPX-nin fəaliyyət prinsipi bir çox hallarda çərçivədən çıxır. Gecə saatlarında yol polislərinin nədənsə restoran və şadlıq evləri qarşısındakı gözdənkənar yerlərdə dayanıb “içkili sürücü” “ovuna” çıxmalarından tutmuş, öz ailələri ilə avtomobillərində yol gedən insanları qarşı az qala “cinayətkar” kimi ittiham etmələri də bütün bu deyilənləri dəfələrlə isbatlayır. Təsadüfi deyil ki, bu gün hər hansı bir istənilən sürücü vətəndaşdan YPX ilə bağlı fikir öyrənərkən, onlar barədə heç bir müsbət ifadə eşitmək olmur.

O cümlədən, YPX-nin ictimai nəqliyyat sektorunda da fəaliyyəti ürəkaçan deyil. Məsələn, nəqliyyatın sıx olduğu yerlərdə taksilərin qanunsuz yerdlərdə, hətta avtobus dayanacaqlarında saxlayıb müştəri gözləmələri, yol polisinin isə buna nədənsə əhəmiyyət verməməsi təəccüb doğurur. Halbuki, şəhərin müxtəlif yerlərində dövlət tərəfindən tənzimlənmiş taksi dayanacaqları mövcuddur.

O cümlədən, ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən avtobuslar öz xəttləri üzrə hərəkət edərkən, yaxud da yol qanunlarını pozarkən, YPX onları saxlayıb cərimələməklə yanaşı, avtobuslardakı sərnişinləri məcburi şəkildə yerə düşürür, onların mənzil başlarına çatmasına əngəllər yaradırlar. Biz hələ YPX evakuatorlarının özbaşınalıqlarından, vətəndaşların əmlakı hesab edilən avtomobilləri necə gəldi, xəbərdarlıq etmədən aparmalarından, YPX-yə məxsus cərimə meydanlarında gedən şıdırğı qiymət mübadilələrindən danışmırıq…

O cümlədən, YPX-nin istər Respublika, istər rayon, istərsə də şəhər şöbələrində yaşanan arzuolunmaz olaylar, neqativ hallar da buraya əlavə edilsə, bu zaman nəyin-necə olmasını açıq gözlə görmək mümkündür. Cərimələrin “silinməsi”, bir avtomobi sahibinə yazılmış cərimənin digər avtomobil sahibinə yönəldilməsi kimi vəziyyətlərdən isə yazmağa dəyməz!

Biz də öz peşəmizə uyğun şəkildə YPX-nin “xidmətlərini” araşdırmaq qərarına gəldik. Şəhərimizin müxtəlif yerlərində apardığımız çəkilişlər zamanı YPX ilə bağlı ictimai qınağın reallığa uyğun olmasını öz gözlərimizlə görmək istədik. Nəticədə çox qısa zaman kəsimində bənzər faktların şahidinə çevrildik. YPX əməkdaşları heç bir qayda-qanun pozmayan sürücüləri yollarda saxlayır, onlara qarşı istənilən cəriməni yazırlar. Sürücülərlə söhbətimiz zamanı üzə çıxan faktlardan biri də onların YPX əməkdaşları qarşısında müsahibə verməkdən yayınmaları oldu. Bu isə həm də belə deməyə zəmin yaradır ki, sürücülər növbəti dəfə həmin YPX-nin əlinə düşərsə, bildirdiyi etirazına görə də “cərimə”, yəni rüşvət ödəməli olacaq. Çünki onların avtomobilindəki dövlət nömrə nişanları artıq YPX-nin kataloquna düşür.

Biz YPX-nin Bakı şəhərində yerləşən cərimə meydançalarından birində olduq və orada qarşılaşdığımız səhnə heç də ürəkaçan deyildi. Heç bir standartlara cavab verməyən cərimə meydançasından hazırlamaq istədiyimiz reportaj isə üzərimizə həmin dayanacağın gözətçisi tərəfindən buraxdığı küçə itlər "ordusu" oldu. Çünki bizim onlara ünvanladığımız suallar qarşı tərəfə sərf etmirdi…


P.S. Mövzunu davam etdirəcəyik. Növbəti mövzumuz isə YPX-nin yerlərdə fəaliyyət göstərən şöblərindəki özbaşınalıqlar və rüşvətlə bağlı faktları olacaq.

// Sia.az

Xəbər 10422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR