YAP Gənclər Birliyinin hesabat tədbiri keçirilib

YAP Gənclər Birliyinin hesabat tədbiri keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat tədbiri təşkil olunub.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra Gənclər Birliyinin ötənilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gənclər Birliyinin 20 il ərzindəki fəaliyyətindən danışıb.

O qeyd edib ki, partiyanın üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər: "Həmçinin ölkə başçısı dünən gənclərlə görüşündə hər zaman olduğu kimi öz fikirlərini bildirdi. Azərbaycan prezidenti bu gün dünyada baş verən hadisələri çox gözəl analiz etdi. Əgər bu gün avropalı gənclər 2-3 qat enerji ilə işləyirsə, biz 10-qat enerji ilə işləməliyik. Bu gün ölkəmizə qarşı bir çox istiqamətlərdən xoşagəlməz hallar baş verir, həmçinin ikili standartlar tətbiq olunur. Azərbaycan xalqı, ümumilikdə ölkə gəncliyi daha çevik olub bizə qarşı uzanan hiyləgər əllərə vaxtında cavab verməlidir".

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova böyük ümidlərlə bu partiyanın sıralarına qatıldığını vurğulayıb: "Biz Azərbaycanın güclü və suverən dövlət olmasına inanaraq bu partiyaya qoşulmuşuq və yola çıxmışıq. Yolumuzu isə ulu öndərin parlaq ideyaları işıqlandırıb. Bu ideyalar bizi Azərbaycan naminə fədakarlığa və qəhrəmanlığa ruhlandırıb, bu gün də ruhlandırır. Bugünkü tədbir həmin ideyalardan güc alır, sabaha boylanır, Azərbaycanın qarşısında duran hədəfləri öz qarşısında vəzifə kimi qoyur".

Azərbaycanın bu illər ərzində böyük inkişaf yolu keçdiyini bildirən B.Muradova deyib ki, bu gün biz YAP Gənclər Birliyinin nə qədər rəngarəng, çoxistiqamətli və çoxşaxəli fəaliyyət göstərdiyinin şahidi oluruq.

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov isə çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu bayram ölkəmizdə gənclik hərəkatının inkişaf etməsinə böyük töhfə verib: "Bu gün gənclərimiz ölkəmizin həyatında fəal iştirak edir, uğurları ilə təkcə valideynlərini, yaxınlarını deyil, eyni zamanda üzvü olduğu qurumları, Yeni Azərbaycan Partiyasını, bütün cəmiyyətimizi və dövlətimizi sevindirirlər. Gənclərin inkişafı, nailiyyətləri və əldə etdikləri uğurlar hər birimiz üçün qürür mənbəyini çevrilir. Müasir gənclik Azərbaycanın gələcəyinin bariz ifadəsi və təsdiqi sayıla bilər".

Ə.Əhmədov vurğulayıb ki, YAP Gənclər Birliyi ölkəmizin gənclik hərəkatının fəal tərkib hissəsidir: "Ölkəmizin fəal gənclərinin böyük hissəsi YAP sıralarında birləşib. Qurumun ötənilki fəaliyyəti müsbət qiymətləndirilə bilər. Belə qiymət vermək üçün çox ciddi əsaslar var. Hesabat hamımıza xoşagələn və müasir formada təqdim edildi".

Sonra partiyanın ictimai-siyasi həyatında fəal olan fənclər və ictimai xadimlər mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbər 583 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR