"ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatında Azərbaycanla bağlı fikirlər çox qərəzlidir. Ümumiyyətlə, bunlar hamısı eyni bir mərkəzdən idarə olunur. Ardıcıl şəkildə Avropa Parlamenti, Avropa Şurası, Almaniya Bundestaqı, ABŞ Dövlət Departamentinin insan hüquqları ilə bağlı verdiyi bəyanatlar bir mərkəzdən hazırlanır". Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, hesabatda Azərbaycanın 20 faiz ərazisinin işğalı haqqında heç bir fikir geniş şəkildə şərh olunmur: "Hesabatda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması və bu gün Ermənistanın bu münaqişənin həll olunmasına maneçilik törətməsi haqqında bir fikir yoxdur. Sadəcə olaraq, Azərbaycanda bu və ya digər şəkildə insan hüquqları ilə bağlı vəziyyəti müzakirəyə çıxarırlar. Bu da qərəzlidir".
YAP rəsmisi deyib ki, Azərbaycanda insan hüquqları ilə bağlı problem yoxdur: "ABŞ-ın özünü götürək. 6 ay ərzində 100-ə qədər insan qətlə yetirilib. Nə qədər insanlar həbs olunub. Zor tətbiq edilib. Digər Avropa ölkələrində də biz bunların mütəmadi şahidiyik. Bizdə ən çox qaçqınların hüquqları pozulub ki, bununla bağlı da hesabatda heç nə yazılmayıb".
Aktual.az