Dekabrın 24-də Qazax rayon Daş Salahlı kəndində Əsgərov Zal Mustafa oğlu və əmisi oğlu Əsgərov Elmar İsgəndər oğluna məxsus, ümumi sahəsi 400 kv/metr olan bir-birinə bitişik ikimərtəbəli fərdi yaşayış evlərində güclü yanğın hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, hadisə yerinə ilk gələn və yanğının söndürülməsi üçün çox böyük cəsarət və böyük səy göstərənlər isə Daxili İşlər Nazirliyinin əməkdaşları olub.
Onlar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə yerinə gələnə qədər yanğını söndürmək üçün çox böyük səy göstəriblər.
Bu böyük addımı atan, yəni hadisə zamanı yardım göstərən, Qazax rayon Polis Şöbəsinin Daş Salahlı Polis bölməsinin əməkdaşları Aşurov Pərvin Azər oğlu, Arıxbəyli Söhrab Hicran oğlu və Mərdalıyev Qulu Azər oğlunun yanğına ilk müdaxilə etdiyini sonradan video kadrlarda görən ev sahibləri polis əməkdaşlarının bu davranışlarına görə başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova, Qazax rayon polis şöbəsinin rəisi polkovnik Sənan Əsədova və Qazax rayon polis şöbəsinin Daş Salahlı polis bölməsinin rəisi polkovnik-leytenant Amil Hacıyevə öz təşəkkürlərini bildiriblər.
Bu hadisə Azərbaycan polisinin imza atdığı ilk fədakarlıq deyil.
Biz xalq olaraq, yaşlıların, əlillərin əlindən tutub yolu keçirən, quru ot daşıyan avtomobildə yığılmış ot tayası alışarkən, ona ilk yardımı göstərib, yanğını söndürən, Sumqayıt xəstəxanasına aparılarkən, yolda tıxaca düşən ağır xəstə azyaşlını öz xidməti avtomobili ilə xəstəxanaya çatdıran, hamilə xanımını şəxsi avtomobili ilə təcili doğum evinə aparan vətəndaşın önünə düşüb, yolda yaranmış sıxlığı açan Dövlət yol polislərini, yanğın başlamış evdə huşsuz vəziyyətdə qalan ev sakinini xilas edən, Nəsimi rayon ərazisindəki yanan Mobil telefon satışı dükanını yanğınsöndürmə balonları ilə dərhal söndürən polis əməkdaşlarını da az görmədik.
Hər şəraitdəVətəndaşlara hər cür köməklik göstərmək üçün əlindən gələni əsirgəməyən, səlahiyyətləri xaricində belə olsa bütün böyük addımları atan polis əməkdaşları ilə fəxr edir, hər cür şikayətlərə, cinayətlərə və digər qanunsuzluqlara həssaslıqla yanaşan Daxili İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk.