"Günəşli" yatağının 10-cu platformasında qəza zamanı xəsarət alan neftçilərə bu günlərdə yardımların verilməsinə başlanılacaq.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. Onun sözlərinə görə, SOCAR tərəfindən 4 dekabr hadisələri zamanı xəsarət almış neftçilərə birdəfəlik maddi yardım ayrılması haqqında sənədləşmə işləri sona çatmışdır və bu günlərdə yardımların verilməsinə başlanılacaqdır: "Bu yardım B.Ələkbərova da şamil olunacaq. “Paşa-Həyat Sığorta” şirkəti tərəfindən icbari sığortanın verilməsinə gəlincə, sığorta qanunvericiliyinə uyğun olaraq, bu məbləğlər hər bir xəstə haqqında ayrı-ayrılıqda, xəstəxanadan verilən son sənədlərə əsasən hesablanmalıdır. Odur ki, B.Ələkbərov xəstəxanadan çıxmasını gözləməliyik. Amma qeyd edim ki, bu, ciddi bir məbləğ olacaq”.
Platformada operator işləyən Bəxtiyar Ələkbərov dekabrın 4-də baş verən yanğın nəticəsində ağır dərəcəli yanıq xəsarəti alıb. Xilas edilən operator hazırda Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicəsini davam etdirir.
Yanıq Mərkəzin baş həkimi Şöhrət Məmmədov öz növbəsində "Report"a deyib ki, xəstənin hazırkı vəziyyəti kafidir: "Müalicə və müayinə tədbirləri davam etdirilir. Vəziyyəti qənaətbəxşdir".
Neftçi Bəxtiyar Ələkbərov isə "Report"a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini və səhhətinin normallaşdığını bildirib: "Dizimdən yuxarı qarnıma kimi dərimi soyub əllərimə, ayağıma və başıma tikdilər. Bütün əməliyyatlarım uğurlu alınıb. Ayaqlarım sağalıb, başım da 90 faiz düzəlib. Sadəcə əlim qalıb ki, o da ümid edirəm 15-20 günə düzələr".
Xəstəxanada yaradılan şəraitin onu qane etdiyini deyən B.Ələkbərov həkimlərdən də razı olduğunu bildirib: "Bura gəldikdən sonra beş gün dayanmadan mənim yanımdan ayrılmırdılar. Həmin müddətdə vəziyyətim çox ağır idi. Hətta başqa yerdən həkim çağırdılar. Müalicəm də yüksək səviyyədə olub. Səhiyyə naziri Oqtay Şirəliyev, ombudsman Elmira Süleymanova, SOCAR rəhbərliyinin nümayəndələri, Şirkətin Baş ofisinin İşçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə, "28 May" NQÇİ-nin sosial məsələlər üzrə rəis müavini Mətləb Qarayev və digər rəhbər şəxslər mənə baş çəkib. Eyni zamanda, səhiyyə naziri yanıma gələndə xahiş etdim ki, yoldaşım tibb bacısıdır və mənə o baxsın. Allah razı olsun ki, xahişimi nəzərə aldı.
Dərmanlarımla maraqlanırlar. Nəsə çatmayanda "de, alaq gətirək" deyirlər. Xəstəxanada hər şey yüksək səviyyədədir. Tapılmayan dərmanları belə baş həkim Şöhrət Məmmədov özü tapıb gətirir".
Neftçi özünün deyil, həyat yoldaşının bəzi narazılıqları olduğunu deyib: "Yoldaşım sadəcə mənə mənəvi cəhətdən dəstəyin olmasını istəyir".
Maaş məsələsinə toxunan neftçi əlavə edib ki, bununla bağlı Fuad Əlizadəyə fikrini bildirib: "Bizə xəstəlik bülleteni verilir. Həmin müddətdə maaş az çıxır. Ailəmdə olan insanların heç biri işləmədiyindən hər kəsə mən baxıram. Ona görə də xahiş etdim ki, heç olmasa imkan daxilində maaşımı bütöv versinlər. Fuad müəllimlə danışanda mənə dedi ki, məsələ rəhbərliklə danışılıb və öz həllini tapacaq".
"Günəşli" yatağının 10-cu platformasında operator işləyən Bəxtiyar Ələkbərov 4 dekabrda baş verən qəzanı belə xatırlayır: "Həmin vaxt platformada gəzirdim, quyulara baxırdım. Qaz borusu birdən-birə partladı. Yaxşı ki, quyuya çox yaxınlaşmamışdım. Alov çox yuxarı vurdu. Üstümə vurmadı, amma məni istilik çox yandırdı. Qaz borusu partlayan kimi məni təxminən beş metr kənara tulladı. Bundan sonra qalxıb getmək istədim, lakin bacarmadım. Amma əllərimi hiss etmirdim, dərim soyulub tökülmüşdü. Bir sözlə, oradan güclə, birtəhər canımı qurtardım".