Yanğın zamanı nə etməli?

Yanğın zamanı   nə etməli?

Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğında 15 nəfər dünyasını dəyişdi, 70-ə yaxın şəxs isə yaralanıb. Ölənlərin əksəriyyəti təxliyə yolarında qalıblar. Ən təhlükəsiz yer isə hamam otağı olub. Belə ki, sağ qalanların çoxu da məhz orada olublar. 

Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin rəis müavini Rza Xudiyev hadisədən sonra jurnalistlərə bildirib ki, insanlar alovu gördükdə qapıları açaraq xilas olmağa çalışıblar: "Lakin bu zaman hava axını meydana gəlib və alov şiddətlənib. Nəticədə mərtəbələr arasında alov daha da artıb".

Baş verən hadisə insanların belə situasiyalarda çıxılmaz vəziyyətdə qaldıqlarını bir daha göstərdi. Bəs yanğın zamanı nə etməli? FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin məlumatına görə, yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzğün ünvanını söyləməlidir.

Yanğın baş verən zaman dərhal qonşuları xəbərdar etmək (gecə vaxtı onları mütləq oyatmaq), insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə başlamaq lazımdır. Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır.

Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz.

Əgər yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər mənzillərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli binalarda yanğın zamanı binanın damına da qalxmaq olar.

Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər birinci növbədə məhz balkon və pəncərələrə yaxınlaşırlar.

Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar.

Bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz ki, su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.

Yanğın zamanı zərərçəkən insanların 80%-i məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur. Bu səbəbdən mənzillərin təmiri və quraşdırılması zamanı sintetik materiallardan çox istifadə etmək məsləhət görülmür. Onlar çox tez alışır, bu zaman acı tüstü yaranır və təxliyə vaxtını bir neçə dəqiqəyə qədər azaldır.

Güclü tüstülənmə zamanı pilləkənlərdən təxliyə yolu kimi istifadə etməyin. Siz küçəyə çıxmağa çatmazsınız. Bunun üçün üst və aşağı eyvanları birləşdirən qaldırma xarici nərdivanlardan istifadə edərək təxliyə olmaq məsləhət görülür. Çardaq, dam və yaxud qonşu mənzil vasitəsi ilə siz yaxındakı tüstü dolmamış giriş qapısına daxil olaraq küçəyə çıxa bilərsiniz. Məhz bu səbəbdəndir ki, yanğınsöndürənlər həmişə sakinlərə məsləhət görürlər ki, eyvanların döşəməsini dekorativ lövhələrlə, tökmə rezin və ya taxtalarla örtməsinlər.

Memarlar İttifaqının məsul katibi Elçin Əliyevin sözlərinə görə, konstruktor və memar tikinti normalarına riayət etməlidir. Binanın xarici kənarında yanğın zamanı istifadə üçün nəzərdə tutulan pilləkan olmalıdır: "Yanğınsöndürən maşınlar gələndə onun üçün ayrıca su mənbəyi, su anbarları - hidrantlar olmalıdır. Bütün bunlar "Tikinti haqqında" qanunda əksini tapsa da, çox vaxt qanunlara riayət etmirlər".

Tikinti layihələrinin tam təhlükəsiz layihələndirildiyini deyən müsahibimizə görə, əksər vaxt onu düzgün tikmirlər. "Layihə düzgün olmasa, onu təsdiqləməzlər. Təəssüf ki, tikinti zamanı oğurluğa, yeyintiyə də yol verirlər", - deyə memar bildirib.

Dediyinə görə, sovet zamanında tikilmiş 16 mərtəbələrdə yanğından qorunmaq üçün hər mərtəbədə yanğınsöndürən su sistemi var. Amma binaların fasadına üzlük materialları vuranda onu götürüb ləğv edirlər. Kranların çürüdüyünü düşünüb onu götürüb sökürlər.

E.Əliyev bildirib ki, memar tikintiyə nəzarət etməlidir. "Bizdə isə çox vaxt iş adamları deyir ki, "layihəni verdin kifayətdir. Tikintiyə nəzarət etmək lazım deyil". Fəhlələr də layihəni başa düşmürlər, axı".

Azərbaycanın əməkdar memarı Ömər Qoçulunun sözlərinə görə, binanın təyinatından, funksiyasından asılı olaraq yanğından mühafizə tikinti normaları və qaydaları var. Xüsusilə ictimai binalarda bu normalara əməl olunur. Qoçulu bildirib ki, əvvəllər 3-4 mərtəbəli binaların kənarında dəmir pilləkənlər qoyulurdu: "Lakin belə pilləkənlər binanın həm xarici görünüşünü pozur, həm də yanğın zamanı hündür binalardan insanlar həyəcandan özünü itirib həmin pilləkənlərlə düşə bilməzlər. Uşaq və əlilliyi olanlar da o pilləkənlərdən istifadə edə bilməz. Ona görə də, o pilləkənlər qənaətbəxş deyil" deyən müsahibimiz hesab edir ki, binaların daxilində əlavə pilləkən və çıxışlar olmalıdır. Mənzilin çıxışından pilləkənə qədər məsafə 20-25 metrdən artıq olmamalıdır. Yanğın zamanı mənzildən çıxan şəxs dərhal pilləkənlərə çata bilməlidir.

Memar bildirib ki, binalar arasında sanitar məsafə nəzərə alınmalıdır: "Təəssüf olsun ki, tikinti zamanı sanitar məsafə nəzərə alınmır. Eləcə də, binalarda hər mərtəbədə mütləq yanğınsöndürənlər olmalıdır. Əsasən də ictimai yerlərdə yanğınsöndürənlər, vedrə, qum və bellər olur".(Ekspress.az)

Aktual.az

Xəbər 7072 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR