Neqativ hallarla qarşılaşan sürücülər 963 qaynar xəttinə zəng vuraraq şikayət edə bilərlər
Bakıda yanacaqdoldurma məntəqələri (YDM) öz müştərilərini aldadır. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-ə sürücülər məlumat veriblər. Sürücü Nicat Məmmədov deyir ki, dünən yanacaq doldurma məntəqələrinin birindən 4 manatlıq benzin doldurdub. Lakin avtomobil 2 kilometr hərəkət etdikdən sonra benzinin az olmasını göstərən qırmızı işıq yenidən yanmağa başlayıb. «Mən yanacaqdoldurma məntəqəsinə girəndə də maşının çənində az da olsa benzin vardı. Bu birinci hal deyil. Bundan qabaq da bir neçə dəfə oxşar hallarla qarşılaşmışam. Lakin hara mürəciət edəcəyimi bilmədiyimə görə bununla barışmalı olmuşam”,-deyə N. Məmmədov deyib.
Nicat Məmmədov kimi yanacaqdoldurma aparatlarından şikayət edən sürücülərimizin sayı kifayət qədərdir.
Abbas Həsənov adlı sürücü də yanacaqdoldurma məntəqələrinin verilən pul müqabilində az yanacaqla təmin etdiyini, həmçinin yanacağın keyfiyyətsiz olduğunu bildirdi.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrinin sayğacında yanacağın litrinə dair görünən rəqəmlər gedilən yolla üst-üstə düşmür. “Mənim avtomobilim 100 kilometr məsafəyə 7 litr yanacaq sərf edir.
Bəzi vaxtlar yanacaq çəninə 60 litr (tam) yanacaq vurdururam və bu yanacaqla 800 kilometr məsafə qət edirəm. Ancaq bəzi hallarda isə heç 600 kilometr məsafə belə gedə bilmirəm. Bəzi məntəqələrdə sürücüləri daha çox aldadırlar.”- deyə sürücü əlavə etdi.
Sürücülər həmçinin yanacaq vurulan “tapança”larda 3 sürət növü olduğunu, onlardan yalnız birinci sürət növündə benzinin normal halda yükləndiyini, qalan sürət növlərində benzin daha sürətlə axdığı üçün yaranan köpük və qazın insanların aldadılmasına səbəb olduğunu da əlavə etdilər.
YDM -nin nəzarətçiləri və işçiləri isə sürücülərin dedikləri ilə razılaşmır.
Onlar iddia edirlər ki, aparatlar Almaniyadan gətirilir və müdaxilə edilməsi mümkün deyil. “Biz yanacağı avtomatik sistem vasitəsi ilə doldururuq. Ona görə də az yanacaq yüklənməsindən söhbət gedə bilməz.
Daha çox 3-cü sürət növü ilə avtomobilə yanacaq doldurmağımızla razıyam. Buna da səbəb müştəri sıxlığının çox olması və həmin müştəriləri tez bir zamanda yola salmaq istəyimizdir. Lakin 1-ci “skoros”la vurmağımızı istəyənlərin də istəyini yerinə yetiririk. Camaatın birinci sürəti istəməsi isə yanacağın sürətlə getməsi və aldadılmaları ilə bağlı deyil. Yanacaq çəninin içində xususi bir aparat var. 3-cü sürətlə vuranda həmin aparat zədələnir ”,- deyə məntəqə nəzarətçisi dedi.
Mütəxəssislər isə sürücülər kimi məntəqə sahiblərini günahlandırır. Avto ekspert Azər Allahverənov deyir ki, YDM işçilərinin 3 növ sürət qutusu adlandırdığı sistem özü də düzgün işləmir. Hansı sürətə keçirirlərsə eyni təzyiqlə benzin vururlar.
“Azərbaycanda 1.3 milyon maşın var və onların hər birinin sürücüsünün yolu da bu məntəqələrdən keçir. Bu qədər insanın aldadılması yolverilməzdir,-deyə mütəxəssis bildirib. Ekspert belə neqativ hallarla üzləşən sürücüləri məhkəməyə və müvafiq qurumların qaynar xəttinə müraciət etməyə çağırırdı. Onun sözlərinə görə fırıldaqçılıq fəaliyyəti ilə məşğul olan işbazlara qarşı tətbiq olunan cərimələr artırılmalıdır. Eyni zamanda vətəndaşa təzminat ödənməlidir .
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə sürücülərin şikayətləri ilə razılaşmır. Onun sözlərinə görə, son dövrlər sürücülərin aldadılması hallarının sayı azalıb. "Yanacaqdoldurma məntəqələrinə nəzarəti komitənin tərkibində fəaliyyət göstərən texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidməti həyata keçirir. Həmin qurum da ildə iki dəfə məntəqələrə baxış keçirir və neqativ hallar olduğu təqdirdə aradan qaldırır."- deyə xidmət rəhbəri bildirdi.
Onun sözlərinə görə, neqativ hallara daha çox regionlarda rast gəlmək mümkündür. "Regionlarda bəzi YDM aparatları köhnədir. Ona görə də, belə hallar baş verir. Məntəqələrin sürücüləri aldadılması öz təsdiqini tapsa İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə isə hüquqi şəxslərə isə 4000- 5000 manat məbləğində cərimələr tətbiq olunur."-deyə Fazil Talıblı əlavə etdi.
O, əlavə etdi ki,yanacaqdoldurma məntəqələrində neqativ hallarla qarşılaşan şəxslər 963 qaynar xəttinə zəng vuraraq şikayət edə bilərlər.
Ümumiyyətlə dünya təcrübəsində yanacaqdoldurma məntəqələrinin insanları aldatması hallarına çox az hallarda rast gəlinir. Çünki bu işlə məşğul olan şirkətlər arasında azad rəqabət var. Daha çox müştəri cəlb etmək üçün bəzi YDM-lar hətta cəlbedici lotoreyalar da keçirir. Onlar bu yolla müştərilərinin sayını artırmaqla yanaşı , sürücülərin onların təklif etdiyi xidmətlərdən daha da razı qalmasına şərait yaradırlar.
/ avtosfer.az