Son günlər intensiv yağan yağışlar nəticəsində Zığ qəsəbəsində sürüşmə aktivləşib.
Aktual.az xəbər verir ki, bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib. Onun sözlərinə görə, Bakı və Abşeron yarmadasında 14-dən artıq sürüşmə zonası qeydə alınıb: "Bundan əlavə isə 10-a yaxın həssas sahələr də var. Tərəfimizdən həmin sahələrdə vaxtaşırı monitorinqlər aparılır. Son günlər intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivləşmə müşahidə olunur. İntensiv yağışlar bütün sahəni əhatə eləmir. Bəzi lokal sahələrdə, torpaqlarda olan çatlarda genişlənmələr müşahidə olunur. Zığ gölü ətrafında çökmə, oturma, uçqun proseslər müşahidə olunur. Bir neçə rayonda subasmalar olub. Sabunçu rayonu "Daş karxanası” deyilən yaşayış massivində yüksək atmosfer çöküntülərinin təsirindən qrunt suları qalxması və ərazinin bəzi yerlərində evlərin və həyətlərin su ilə basılması müşahidə olunub”.
R.Həsənov hesab edir ki, sürüşmə prosesi həm təbii, həm də texnogen amillərin təsirindən yaranır: "Yağışlar sürüşmə zonalarına çox təsir edir. Belə proqnozlaşdırılır ki, intensiv yağışlar sürüşmə zonalarında aktivlik yarada bilər”.
Geoloq bildirib ki, ən təhlükəli sürüşmə zonası Zığ qəsəbəsi hesab olunur: "Bu, təzə deyil, ötən əsrin 80-ci illərindən bu ərazidə proses gedir. 30 ildən artıq bir müddətdir ki, həmin ərazi diqqət altındadır. Eyni zamanda həmin ərazidə əhali məskunlaşıb. Bu da sürüşməyə təsir edən faktordur. Yağışların yağması isə prosesin dinamikasında aktivlik yaradır”.
Aktual.az
Xəbər 637 dəfə oxunub.