XXIII Qış Olimpiya Oyunları başlayıb

XXIII Qış Olimpiya Oyunları başlayıb
  • İDMAN

Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürüb.

Apasport.az saytının məlumatına görə, 1988-ci ildə Yay Olimpiya Oyunlarının ev sahibi olan Cənubi Koreya ilk dəfə "Ağ Olimpiada”nı təşkil edəcək.
Sabah açılışı olacaq XXIII Qış Olimpiya Oyunlarının və XII Qış Paralimpiya Oyunlarının Pxençxanda keçirilməsi barədə qərar 2011-ci il iyulun 6-da Beynəlxalq Olimpiya Komitəsinin Durbanda baş tutan 123-cü sessiyasında verilib. Onlar səsvermənin son mərhələsində Almaniyanın Münhen və Fransanın Ansi şəhərlərini qabaqlayıblar.
Pxençxan Olimpiadasında 13 idman obyekti atletlərin istifadəsinə verilib. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdi. İdman obyektləri sırasında ən böyüyü "Pxençxan” olimpiya stadionudu. Sabah açılış mərasimi də məhz 35 min azarkeş tutumuna malik bu arenada baş tutacaq. Bakı vaxtı ilə saat 15:00-da yarışa rəsmi start veriləcək.
Oyunların rəsmi bağlanış mərasimi fevralın 25-də keçiriləcək. Həmin tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Martın 9-18-də isə Paralimpiada təşkil ediləcək. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidi.
Möhtəşəm Oyunların məşəli ötən il oktyabrın 24-də Olimpiadaların təməlinin qoyulduğu Afinada alovlandırılıb. 108 günə 2018 km məsafədə 7,5 min insanın gəzdirdiyi simvol sabah yarışın startını stadiondan rəsmiləşdirəcək.
Olimpiadada 2902 idmançı öz gücünü yoxlayacaq. Onlar 7 idman növündə 102 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 22 dəst az medal öz sahibini tapacaq. Əlil idmançılar 5 növ üzrə 80 dəst mükafatçını müəyyənləşdirəcəklər. Medalların birinin çəkisi 586 qramdan artıq olacaq. Bu, "Ağ Olimpiadalar” tarixində çəkisinə görə ən ağır mükafatdı.
92 ölkənin qatılacağı yarışda ən çox idmançı ilə ABŞ mübarizə aparacaq. 242 amerikalının qatılacağı oyunlarda ev sahibi Cənubi Koreya 122 atletlə yarışacaq. İdmançı sayında Kanada ikinci (226), İsveçrə üçüncüdü (169). Qış Olimpiya Oyunlarının daimi favoritlərindən hesab olunan Rusiya Pxençxanda dopinq qalmaqalına görə öz bayrağı altında yarışa bilməyəcək. Şimal qonşularımızın 168 idmançısı Cənubi Koreyada Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq.
XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olacaq. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə "Ağ Olimpiada”da iştirak edəcək. Birdən-birə 6 debütantın olması Pxençxan-2018-in ilk rekordu kimi dəyərləndirilib. Bu səbəbdən idmançı sayında da yarış digərləri arxada qoyub.
Azərbaycan isə Cənubi Koreyaya 1 atletlə yollanan 18 ölkədən biridi. Yarışda həm də bayraqdarımız olacaq Patrik Braxner dağ xizək idmanında (slalom və nəhəng slalom üzrə) mübarizə aparacaq. Bu, 26 yaşlı avstriyalının ölkəmiz adından qatılacağı ikinci Oyunlardı.
Qeyd edək ki, Olimpiadada sabah baş tutacaq açılış mərasimə kimi kerlinq və xizəklə tramplindən tullanma yarışları keçiriləcək.


Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR