"Xüsusi aparatları var, qızılların yerini göstərir"


Sabunçu rayonunun Ramana qəsəbəsi sakini oğurluq hallarının artmasından, polis orqanları tərəfindən cinayətlərə laqeyd yanaşılmasından və cinayət işlərinin çoxunun açılmamasından şikayətçidir.

Aktual.az  bildirir ki, qəsəbə sakini Mətanət İbadova qafqazinfo-ya müraciət edərək deyib ki, Ramanada son 2-3 ay ərzində təxminən 30-40 oğurluq hadisəsi baş verib. O bildirib ki, oğurluğa məruz qalanlardan biri də özüdür: "Martın 15-də gündüz vaxtı evimdən oğurluq olub. Mən işdə, övladım da məktəbdə idi. Axşam evə gəldim, gördüm ki, divarı çaparaq pəncərəyə vurduğumuz dəmir barmaqlıqları çıxarıb evə giriblər. Heç bir otağı axtarmayıblar, birbaşa yataq otağından qızılları götürüb gediblər. Təxminən 7 min manatlıq qızıllar idi. Qəsəbədə bu formada 30-40 evdən oğurluq olub. Bunu da özümdən demirəm, polis bizə deyib.

Biz hadisədən bir ay sonra polisə gedib yenə dedik ki, bəs narahatıq, oğrunu tez tapın ki, qızıllarımızı geri ala bilək. Yaşar adlı müstəntiq dedi ki, tək sən deyilsən, 30-40 ev gedib. Aprelin 29-da qəsəbədə bir evdən də təxminən 20 min manatlıq qızıl oğurlandı. Oğurluqların əksəriyyəti də gündüz vaxtı olur. Evlərdən də ancaq qızıl və pul oğurlayırlar. Sakinlərin bəziləri deyirlər ki, guya həmin adamlarda aparat var, birbaşa qızılların yerini göstərir. Ona görə də evdə dağınıqlıq etmədən qızılları götürüb gedirlər. Hətta kasıb bir çörəkçi arvad var, onun da evindən oğurluq edilib.

Biz belə fikirləşməyə məcburuq ki, polis oğrularla əlbirdir, həmin adamları özləri göndərirlər. 12-ci Polis Bölməsindən bizə ancaq deyirlər ki, narahat olmayın, tapılacaq. Amma artıq 2 aya yaxın vaxt keçib. Polis heç bir hərəkət etmir, mənim şübhələndiyim qonşularım var. Polisə ifadəmdə də bunları demişəm. Amma o adamların heç biri dindirilməyib. Deyirlər biz öz kanallarımızla axtarırıq. Elə evlər var ki, 4 aydır oğurluq olub, hələ də oğru tapılmayıb".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta açıqlamasında M.İbadovanın iddialarına münasibət bildirib. DİN rəsmisi qeyd edib ki, cari ilin 1-ci rübündə 12-ci Polis Bölməsinin icraatında olan oğurluq işlərinin 77,8 faizinin üstü açılıb: "Ramana qəsəbəsində guya son aylarda 30-40 oğurluğun olması barədə deyilənlərin heç bir əsası yoxdur. Bir faktı deyim, cari ilin 1-ci rübündə 12-ci Polis Bölməsi xidməti ərazisi üzrə cəmi 22 oğurluq cinayəti qeydə alınıb, bunların da 77,8 faizi açılıb.

Ümumiyyətlə isə cari ilin ötən dövründə həmin bölmənin xidməti ərazisində 112 cinayət qeydə alınıb, onların da 81 faizinin açılması təmin edilib. Statistik rəqəmlər də göstərir ki, bu deyilənlərin heç bir əsası yoxdur. Bütün hallarda hər bir fakt üzrə zərəri istintaq əməliyyat-axtarış tədbirləri görülür.

Cari ilin 1-ci rübü ərzində Sabunçu Rayonu Polis İdarəsinin icraatında olan cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi zərərin 89,3-i faiz ödətdirilib. Bu da respublika üzrə ən yüksək göstəricilərdən biridir".

Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR