Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev öz "facebook” səhifəsində maraqlı bir paylaşım edib. Millət vəkilinin yazdığı statusu Aktual.az olduğu kimi təqdim edir.
Əhmədlidəki qonşumuz, uşaqlıq dostum Zəfərin (ad şərtidir) simasını heç zaman unutmayacam. "7 şüşə” oyunumuzu qəfil pozaraq anidən qışqırdı: "Yedim. Hər kəsdən xəbərsiz yedim. Qazanın qapağını açıb hamısını yedim” – Bu kəlmələri birnəfəsə dedi və ağzını xoşbəxtcəsinə marçıldatdı. Hələ qeyri - adi şövqlə əllərini bir – birinə səsli şəkildə vurmağı da unutmadı…
Zəfərgil çox kasıb idilər. Hətta o qədər kasıb ki, qonşular hörmətsizlikdən deyil, sadəcə psixoloji sarsıntı keçirməsin deyə bu ailəni toya, ad gününə, xeyir məclislərinə çağırmazdılar. Anası süpürgəçi, atası isə hardasa yükdaşımada fəhlə işləyirdi. Qəpiyi qəpiyə calayıb yaşayırdılar. Ehtiyac onları sözün gerçək mənasında boğurdu…
7 yaşlı dostumu həyəcanlandıran və bizimlə tələsik bölüşməyə çalışdığı hadisənin isə maraqlı təfərrüatı vardı: Bu evdə aylardır ət qaynamırmış. Nəhayətində bir tikə tapıblar və…ana ailəyə surpriz etmək üçün makaronun üzərinə qiymə vurub. Hətta bunu gecədən gizlin edib ki, səhər hər kəsə surpriz olsun. Zəfərsə…uşaq intuisiyası və hiyləgərliyi ilə məsələni çözüb. Hamını yuxuya verəndən sonra qazanın qapağını açıb, bütün qiymələri yeyib və səhər erkəndən də bizləri bu qəhrəmanlığından agah etmək üçün tezcə həyətə qaçıb…
***
37 yaşım var. Şüuraltı xatirələrimə, yaddaşıma yoxsulluğun, səfalətin bir çox halını pərçimləmişəm. Kinolardan, kitablardan, rəsmlərdən topladığım arxiv etibarilə. Üstəlik, bütün həssasiyətimlə..
Fəqət, Zəfərin simasındakı qeyri – adi natural təbəssümə, bir yoxsulun bu qədər mükəmməl çizilən xoşbəxtlik tabosuna, heç nədən, daha doğrusu bizlərə heç nə kimi görünən adi səbəbdən dünyanın ən bəxtəvər insanı ola bilmə mümkünatına həyatım boyu bu qədər müfəssəl şəkildə rastlamamışam…
***
Nə qəribədr həyat.
Brilliantlar, zinyətlər içində itib – batanlar qan qusar, ətrafa bədbəxtlik saçar. Amma on addım kənarda 100 qramlıq qiymə dünyanın bütün sevincini bir baxışa, bir avaza sığdırar…
Dəbdəbəsi göz oxşayanlar 24 saat boyunca balalarını quş südü ilə bəsləsələr belə yenə onların gərgin, depressiv vəziyyətini dəyişə, əngəlləyə bilməzlər. Amma həyatda ən böyük arzusu - aldığı ayaqqabı 3 aya deyil, 5 aya yırtılsın – amacı ilə yaşayanlar, həftəlik yol pulundan qənimət edib ayda bir dəfə dönər almaq imkanı qazananlar, islanmadığı, üşümədiyi, xəstələnmədiyi hər gün üçün əl açıb Tanrıya dua edənlər dünyanın rəngini tam anlamı ilə bir andaca dəyişərlər.
Yaşayanlar yaşamaq istəyənlərə, ünvan başında olanlar ünvan "peşində” olanlara uduzarlar. Hər zaman!
***
Xoşbəxtlik tərz deyil, andır. Zorlamayın xoşbəxtliyi. Sadəcə səsləyin. Öldür, dəm – dəstgah üstdə gəlməz o.
Makaron üstdə, qiymə şəklində gələr, amma dəm – dəstgah üstdə, əsla…