Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri, Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 404,1 milyon ton neft hasil edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
X.Yusifzadə qeyd edib ki, bu həcmin 224 milyon tonu Azərbaycanın payına düşən mənfəət neftidir:
“Mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60%-ə çatacaq”.
SOCAR rəsmisi həmçinin qeyd edib ki, indiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 300 milyon ton neft nəql edilib.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından işlənmənin əvvəlindən bu ilin avqustun 1-dək ümumilikdə 74 milyard kubmetr qaz hasil olunub.
SOCAR rəsmisi qeyd edib ki, hazırda “Şahdəniz” yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 milyon kubmetr qaz, 7 min ton kondensat hasil olunur.