Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirilib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, pilot Kraveç Leonid Markoviç, “Cəhənnəmi görmüş pilot” sənədli filminin rejissoru Elmar Məlikov, UABD sədrinin birinci müavini Murad Cəfərov və Rasim Seydimov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Hikmət Cavadov Markoviç barədə 2 il öncə məlumat almaları və 1 ildir ki, onunla bağlı axtarış aparmaqları barədə danışıb.
Leonid Markoviş 1989-1992-ci illər ərzində SSRİ qoşunlarında xidmət etdiyini və helikopterin komandiri olduğunu bildirib: “Fevralın 27-də uçuşlara başlayanda faciə barədə heç bir məlumatımız yox idi. Bizə bu barədə heç bir məlumat verilməmişdi. Xocalının 2 kilometr şərqindən uçarkən yerdə rəngbərəng paltarlar görünürdü. Nə baş verdiyini anlamaq üçün aşağıya enməyə başladıq. Yerə yaxınlaşdıqca başa düşdüm ki, aşağıdakılar yaralı insanlardı. Ermənilər gecədən güllələdikləri insanlar arasında sağ qalanları yenidən güllələyirdilər. Buradan Gəncəyə uçduq. Bundan sonra ölkə rəhbərliyinə baş verən hadisə barədə məruzə etdik. Mütəllibovun köməkçisi bizdən xahiş etdi ki, jurnalistləri hadisə yerinə aparaq”.
Xocalı faciəsinin şahidi olan pilot hadisə yerində aparılan çəkilişlərdən də bəhs edib: “Orada Çingiz Mustafayevin çəkiliş heyəti var idi. O, Moskva Dövlət Televiziyasında çalışırdı. Onu tanıyırdıq və etibar edirdik. Bilirdik ki, o düzünü deyir. Deyəsən, onunla birlikdə 3 nəfər var idi. Onlardan ikisi OMON-çu idi. Çingiz Mustafayev burada ilk çəkilişi həyata keçirdi. Çəkilişi aparmaq çox çətin idi. Çəkiliş üçün çox az vaxt var idi- cəmi 5 dəqiqə. İnsanlar qoruyucu gödəkçələr geyinməmişdi. Onlar rəsmən hədəf idilər. Axı şahidləri aradan götürmək lazım idi. Helikopteri aşağı endirə bilməzdim. Aşağıda helikopteri vurmaq asan olardı. 5 dəqiqə ərzində jurnalistlərin başı üzərində uçduq”.