"Xocalı soyqırımı yalnız faciənin ildönümlərində yox, hər zaman xarici ölkələrdəki diaspor təşkilatlarımızın fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün dünyanın hansı ölkəsində Azərbaycan diaspor təşkilatı faəliyyət göstərirsə, o ölkələrdə Xocalı soyqırımı barədə məlumatlandırma kampaniyaları həyata keçirilir. Gələcəkdə bu tədbirlərin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Xocalı soyqırımının tanıdılması, dünyanın bu barədə məlumatlandırılmasını nəzərdə tutan müxtəlif ideyalar, təkliflər var. O təkliflər nəzərə alınacaq, daha yeni və daha effektiv fəaliyyət metodları tətbiq olunacaq".
Bu barədə Milli.Az-a Xocalı soyqırımının dünyaya tanıdılmasında xarici ölkələrdəki Azərbaycan diasporunun rolunu qiymətləndirən Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.
Şöbə müdirinin sözlərinə görə, Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Azərbaycan diaspor təşkilatları tərəfindən dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunur. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir neçə ildir ki, "Xocalıya ədalət" beynəlxalq kampaniyası uğurla davam edir. Diaspor təşkilatlarımız bu kampaniyada da fəal iştirak etməyə çalışırlar.
E.Miraləm qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatlarımızın fəaliyyətinin üç strateji hədəfi var: "Birinci istiqamət fəaliyyət göstərdiyi ölkələrdə siyasi elitanın bu soyqırım haqqında məlumatlandırılmasıdır. Parlament üzvləri, siyasi partiya nümayəndələri, tanınmış dövlət və siyasət adamları ilə görüşlər keçirilir, müraciətlər, məktublar göndərilir ki, siyasi elita təmsilçiləri Xocalı soyqırımı haqqında kifayət qədər məlumat əldə edə bilsinlər. İkincisi, kütləvi informasiya vasitələri ilə fəal iş aparılır. Diaspor təşkilatlarımız fəaliyyət göstərdiyi ölkələrin mediasında Xocalı soyqırımı haqqında məlumatların yayılmasını təmin etməyə çalışırlar. Üçüncü mühüm istiqamət isə geniş ictimai kütlənin məlumatlandırılmasıdır. Bu məqsədlə etiraz aksiyaları, fləşmoblar təşkil olunur, sosial şəbəkələrdə kampaniyalar həyata keçirilir".
Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi hesab edir ki, Xocalı soyqırımı haqqında dünyanın məlumatlandırılması ilə bağlı hər fürsətdən, hər bir imkandan istifadə etmək lazımdır: "Çünki bu soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün mahiyyətini açan, Ermənistanın təcavüzkar və terrorçu dövlət olduğunu aydın şəkildə sübuta yetirən çox ciddi bir faktdır. Bu faktı dünyaya təqdim etmək lazımdır ki, hər kəs Ermənistanın bir terrorçu və işğalçı dövlət olduğunu görsün".