Xocalı Soyqırımının 25 illiyi Neapol şəhərində də anılmışdır
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar
Azərbaycanın İtaliyadakı səfirliyi, Neapol-Bakı Assosiasiyası və Avropa Azərbaycan
Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Neapol şəhərində Xocalı soyqırımının
qurbanlarının anım tədbiri keçirilmişdir. Neapol şəhəri və Kampaniya regionunun
rəsmilərinin, elmi-akademik, işgüzar dairələrinin, KİV-lərinin nümayəndələrinin
iştirakıyla keçirilən tədbiri giriş sözü ilə Assosiasiyanın prezidenti Cüzeppe
Kaniqlia açaraq tədbirə qatılanları erməni vəhşiliyinin bariz nümunəsi olan
Xocalı soyqırımı haqda çəkilmiş "Sonsuz dəhliz" filminə baxmağa dəvət
etmişdir. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilib və
Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hər il dünyanın müxtəlif şəhərlərində
təqdim olunur. Bu film tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu "Grammy
Award” mükafatçısı Cerald Rafşun Xocalı dəhşətlərinin şahidi olan iki xarici
jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan
xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə
də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə
müsahibələri əsasında çəkilib. Filmin təqdimatından sonra Azərbaycanın
İtaliyadakı səfiri Məmməd Əhmədzadə 1992-ci il 25 fevraldan 26 fevrala keçən
gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə
qarşı törədilən bəşəriyyətin ən amansız qətliamı barədə ətraflı danışmışdır. O,
erməni qəsbkaları tərəfindən zəbt olunmuş Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazilərinin – Dağlıq Qarabağ regionu və ətraf rayonların hələ də
işğal altında qaldığını, həmin ərazilərdə mədəni-tarixi irsimizin məhv
edildiyini, etnik təmizləməyə məruz qalmış 1 milyondan artıq azərbaycanlının öz
doğma yurd-yuvalarından didərgin düşdüyünü, beynəlxalq təşkilatlar tərəfindən
münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərə Ermənistanın məhəl qaymadığını
vurğulamışdır. Xocalıda baş verənlərlə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın
daha da genişləndirilməsinin vacibliyini bildirən səfir bu xüsusda, İtaliyanın
müxtəlif şəhərlərində tədbirlərin təşkil olunduğu barədə məlumat vermişdir. Ermənistanın
Xocalı soyqırımı ilə bağlı öz inkarçı mövqeyindən, eləcə də Azərbaycana qarşı hərbi
təcavüz siyasətindən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətli
olduğunu bildirmişdir. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bu
qanlı cinayət barədə ürək ağrısı ilə danışmışdır. O, bu soyqırım vaxtı dinc azərbaycanlı
əhaliyə qarşı törədilmiş vəhşiliklər, o cümlədən uşaqların, qadınların,
yaşlıların vəhşicəsinə, ağlasığmaz qəddarlıqla qətlə yetirildiyi barədə məlumat
vermişdir. Ədalətin bərqərar olması üçün Xocalıda baş vermiş soyqırımın
günahkarlarının mühakimə olunmasının və beynəlxalq ictimaiyyətin bu soyqırıma
qiymət verməsinin zəruriliyini bildirən millət vəkili İtaliya Senatında Xocalı
soyqırımınının 25-ci ildönümünün anılması ilə bağlı verdikləri bəyanatlara görə
italyan senatorlara təşəkkürünü ifadə etmişdir. Azərbaycanlı millət vəkili
vurğulamışdır ki, erməni tərəfinin baş verənlərin müharibə olduğu iddiasına
italiyalı senator Sercio Divina tutarlı cavab verərək Xocalıda qətlə yetirilənlərin
dinc əhali olduğunu və dinc əhaliyə qarşı müharibə aparlmasının heç bir məntiqə
sığmadığını bildirmişdir. Neapol-Bakı Assosiasiyasının vitse prezidenti Elnur
Camalxanov Xocalı qətliamını ermənilər tərəfindən 19-cu əsrdən başlayaraq azərbaycanlılara
qarşı yürüdülən soyqırım və torpaqlarımızın işğalı siyasəti prizmasından təqdim
etmişdir. Tədbirdə yerli kütləvi informasiya vasitələrinə müsahibələr
verilmişdir.