Soyqırımın 34-cü ildönümündə Prezident İlham Əliyevin azad Xocalıya səfəri və Soyqırımı Memorialının açılış mərasimində iştirakı olduqca qürurverici anlarla yadda qaldı. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması məqsədilə inşa olunan Soyqırımı Memorialının açılışından sonra dövlət başçısının rayon ictimaiyyəti qarşısında etdiyi çıxış mühüm məqamlarla yadda qaldı. Prezident Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında sağalmaz yara olduğunu vurğulayaraq bu dəhşətli hadisəyə siyasi-hüquqi qiymət verilməsinin və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirdi. Dövlətimizin başçısı işğaldan azad olunaraq zəfərə qovuşan Xocalının yenidən dirçəldiyini, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını və doğma sakinlərinin öz yurdlarına qayıtmasının sevincini xocalılarla bölüşdü.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, bu faciə xalqımızın tarixinə silinməz iz qoymuş ən ağır hadisələrdən biridir. Ötən əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı qətliamının məqsədli şəkildə həyata keçirilib.
Prezident bildirdi ki, hadisə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə tanıdılması, uzunmüddətli və sistemli fəaliyyət tələb edib. Bu istiqamətdə dövlət strukturları ilə yanaşı, ictimai qurumlar və qeyri-hökumət təşkilatları da fəal iştirak edərək məlumatlandırma işinə öz töhfələrini veriblər, xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsləri mühüm rol oynayıb. Fondun dəstəyi ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə silsilə tədbirlər, konfranslar və sərgilər təşkil edilib. Layihə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb və illər ərzində geniş beynəlxalq auditoriyanın məlumatlandırılmasına xidmət edib.
Prezident bəyan etdi ki, dünyada nadir hallarda ölkələr həm ədalətli müharibədə qələbə qazana, həm öz ərazi bütövlüyünü tam bərpa edə, həm də işğalçıları məhkəmə qarşısına çıxara bilir. Bunu Azərbaycan dövləti bacardı. İşğal dövründə qarşılaşdığımız təzyiqlər və təhdidlər çox olsa da xalqımız və dövlətimiz iradəsini itirmədi.
Azərbaycanın torpaqlarını azad etmək əzmi əyilməz idi və nəticəsini verdi. Dövlət başçısı bildirdi ki, ilk andiçmə mərasimindən etibarən ərazi bütövlüyünün bərpası əsas prioritet olub. Hazırlıq dövründə güc toplamaq, beynəlxalq dəstəyi təmin etmək, Ermənistanın hərbi cinayətlərini və Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq vacib idi. Bu illər ərzində bir çox beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar qəbul edib və bu münaqişənin hüquqi əsasını möhkəmləndirib. Azərbaycan güclü iqtisadiyyat və güclü ordu quraraq qələbəni təmin etdi. Cəmi 44 gün ərzində işğalçı məğlub edildi, kapitulyasiya aktı imzalandı və torpaqlarımız azad edildi. 2023-cü ildə isə qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan çıxarıldı və Xocalıya ədalət təmin olundu. Prezident Memorial Kompleksin açılışını ədalətin təntənəsi hesab edərək bunun erməni vəhşiliklərinin unudulmaması və milli yaddaşın qorunması üçün yaradıldığını söylədi. Deputat yekunda bildirib ki, Xocalı Memorialı ərazi bütövlüyü və ədalətin simvolu kimi gələcək nəsillərin yaddaşında əbədi qalacaq. Bu kompleks soyqırımın tarixini, xalqımızın ağrı və acılarını, eləcə də şanlı qələbəmizi əks etdirən və öz hekayəsini gələcək nəsillərə çatdıran danışan tarix olacaq.
Xəbər 63 dəfə oxunub.