Xızıda baş verən sürüşmə yaşayış evlərinin hasarına ziyan vurub.
Aktual.az ARB Şimal-a istinadən xəbər verir ki, Xızıdan Altıağac qəsəbəsinə gedən avtomobil yolunda baş verən topraq sürüşməsi yaşayış evlərinə də ziyan vurub.
Altığacda 2-3 evin hasarı təbiət hadisəsi nəticəsində dağılıb. Həmin evlərdə yaşayış olmasa da, sakinlər təbii prosesin davam etdiyini bildirirlər.
Hava şəraitinin qeyri-sabit, yağışlı keçməsi torpaq sürüşməsini aktiv fazada saxlayan əsas amillərdəndir. Sakinlər bildirirlər ki, bundan əvvəl də qəsəbədə sürüşmə hadisəsi qeydə alınıb. Hətta 1970-ci illərdə Altıağacda baş verən torpaq sürüşməsinin miqyası o qədər geniş olub ki, sakinlərin köçürülməsi üçün qeydiyyat aparılıb.
Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi noyabrın 22-dən başlayıb. Sürüşmə 11 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 19,8 kilometr olan yola ciddi ziyan vurub. Mütəxəssislər sürüşmə zonasında torpaq qatının əsasən doymuş süxurlardan ibarət olduğunu bildiriblər. Son dövrlər yağıntıların normadan artıq olması təbii prosesin baş verməsini sürətləndirib. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yoxdur.
Xəbər 768 dəfə oxunub.