Azərbaycan Xarici İşlər Naziriliyi Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə məlumat yayıb.
Aktual.az xəbər verir ki, məlumatda deyilir:
"Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub.
Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.
Görüş zamanı humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Aİ-nin bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
Hələ bir il bundan öncə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüs və bir müddət öncə tərəfimizdən təqdim edilən baza prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib.
İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb.
Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib.
Beləliklə də, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır".
Xəbər 430 dəfə oxunub.