Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə təxribat, böhtan və təhqir xarakterli məktub ünvanlanmışdır.
Aktual.az xəbər verir ki, bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Bildiririk ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində diplomatik xidmət haqqında qanun, XİN haqqında əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağrılmışdır.
Bir müddət əvvəl Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılmış və barəsində intizam tədbirləri görülmüşdür.
Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir.