Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasda təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, qətlə yetirdiyi qadınla rəsmi nikahda olmasa da, dini kəbinləri olub və 2009-cu ildən birlikdə yaşyıblar. F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. Onun sözlərinə görə, arvadının başqa şəxslə münasibəti olduğunu öyrənib və bu barədə qadının qardaşına deyib. Qardaşı isə özü bacısını cəzalandıracağını deyib. Bundan sonra tərəflər ayrı yaşayıb. Hadisə barədə danışan təqsirləndirilən bildirib ki, hadisə günü arvadını öldürmək niyyəti olmayıb. Suallara cavab olaraq deyib ki, həmin gün arvadının işlədiyi xəstəxanaya həkimə gedib: "Həkim orada olmadığına görə, qayıdıb gedəndə Xavər məni arxadan çağırdı. Aramızda söhbət zamanı o günahını etiraf etdi. Bundan sonrasını, onu bıçaqla necə vurmağımı xatırlamıram".
Hakim bildirib ki, onun istintaqa ifadəsi ilə dedikləri ziddiyyət yaradır. Belə ki, istintaq ifadəsində qadının saçından tutaraq otluğa uzatması və boynunu kəsməsi barədə deyib.
Təqsirləndirilən isə hadisəni dəqiq xatırlamadığını vurğulayıb.
Proses noyabrın 26-da davam edəcək.
Qeyd edək ki, hadisə bu il iyunun 10-da baş verib.
Qırx bir yaşlı İbrahimova Xavər Arif qızı işlədiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qətlə yetirilib.
Qeydiyyatçı işləyən Xavər İbrahimova müəssisənin həyətində dini nikahlı əri 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu tərəfindən bıçaqlanıb.
Sinə və boğaz nayihəsindən zərbələr alan Xavər İbrahimova hadisə yerində dünyasını dəyişib.
Faiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbər 593 dəfə oxunub.