Dəfələrlə təcili tibbi yardım maşını yolda xarab olduğu üçün başqa maşın çağırmışıq, gəlib xəstəni aparıb. Çağırışa getdiyimiz maşınları görən xəstə qohumları az qalır bizi öldürsün.
Bu sözləri qafqazinfo-ya müraciətində Bərdə rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü Cəlahani Qabil Heydər oğlu deyib. Sürücünün sözlərinə görə istismar müddətindən artıq 5 il keçən tibb maşınlarında olan problemlərə görə hər zaman xəstə yaxınları ilə aralarında söz-söhbət düşür:
"Bu tibb maşınlarının istismar müddəti 7 ildir. Ancaq bizim maşınlar 12 ildir ki, istifadə olunur. 2011-ci ildə Səhiyyə Nazirliyi xəstəxanaya 2 Vita markalı maşın verib. Ancaq o maşınlar təcili yardıma verilməyib, sadəcə Bakıya xəstə aparılır. Digər maşınlarla da, sadəcə, Bakıya xəstə daşıyırlar. Maşınlar xəstəxananın həyətində durur. Bakıya təcili aparılacaq xəstə olsa, pulunu verirlər maşınları götürürlər. Avropa Oyunlarından sonra "Sprinter"lər gəlib. O maşınlardan oyunlar zamanında istifadə edildi, sonra biri Bərdəyə göndərildi. Bizim əraziyə bu maşınlar çatmır. Artıq istismar müddətindən 5 il keçən maşınların arxa qapısı boltla açılıb bağlanır.
Xəstənin yanına gedirik, haqlı olaraq bizi döyürlər, söyürlər. Deyirlər ki, bu nə maşındır, gəlmisiniz? Nə oksigen balonu var, nə bir şey. Dəfələrlə maşın xarab olduğu üçün yolun ortasında qalmışıq. Başqa maşın çağırmışıq, gəlib xəstəni aparıb. Baş həkimə, baş həkimin müavini Rəna Mustafayevaya neçə dəfə demişik. Səhiyyə nazirinin bu yaxınlarda Bərdədə qəbul günü olacaq. Son çarə olaraq qəbul üçün də müraciət edəcəm. Bəlkə, onda bizim dərdimizə bir əlac qılınar".
Məsələ ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova ilə əlaqə saxladıq və katib tez bir zamanda məsələyə münasibət bildiriləcəyini söyləyib.
Xəbər 717 dəfə oxunub.