Xəstələrə pulsuz verilən dərmanlara nəzarət gücləndiriləcək

Xəstələrə pulsuz verilən dərmanlara nəzarət gücləndiriləcək

“Dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək sosial sahədə tarixi nailiyyət kimi qiymətləndirilə biləcək addımdır”.

Aktual.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev  dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Nazir müavininin sözlərinə görə, ölkə başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib və nəticədə baxılmaq üçün təqdim olunmuş dərmanların qiyməti nəzərə çarpacaq dərəcədə aşağı salınıb. Sentyabr ayının 15-dən başlayaraq artıq bu qərar tətbiq olunmağa başlanılacaq.

“Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması həmçinin dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaqdır. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir edəcəkdir. Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək”. 

Bundan başqa müşavirədə qeyd edildi ki, Səhiyyə Nazirliyində müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır.

Tədbirlər planında həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer almış və bu sahədə görüləcək işlər öz əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Eyni zamanda, tədbirlər planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “qaynar xətt”, əhalidən daxil olan məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

 
Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR