Dərmanların internetdə reklamı və onlayn satışı bütün dünyanın probleminə çevrilib. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da bu problemlə bağlı xəbərdarlıq edib.
Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, reklamlarda dərmanların təbii bitkilərdən hazırlandığı, keyfiyyətinə təminat verildiyi qeyd edilir. Lakin alıcı dərmanın saxta olub-olmadığını müəyyənləşdirə bilmir: "Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığında qeyd edilir ki, onlayn satılan dərmanların ən azı 50 faizi saxtadır. Bu dərmanlardan ölüm, zəhərlənmə mümkündür. Amma vəziyyətə heç kim nəzarət edə bilmir. Xüsusilə uşaqlar üçün təklif edilən edilən dərmanları alarkən ehtiyatlı olmaq lazımdır".
Təşkilat rəhbəri deyib ki, hətta telekanallarda "tam bitki tərkibli" kimi reklam edilən dərmanlar belə bitki tərkibli deyil: "Təəssüf ki, onlayn satışın bir problemi də vətəndaşların aldadılmasıdır. Son vaxtlar bununla bağlı şikayətlər çoxalır".
Qeyd edək ki, Türkiyənin Səhiyyə Nazirliyi də internetdə satılan dərmanların təhlükəli ola biləcəyini, yalnız apteklərdən dərman alınmasını tövsiyə edib. "Bu dərmanların qəbulu səbəbindən hər il dünyada 1 milyon insan ölür. Dərman zəhərlənməsindən, yan təsirindən zərərçəkənlərin sayı da milyonlarla ölçülür", - deyə nazirliyin xəbərdarlığında qeyd edilir.
Ümumdünya Səhiyyə Təşkilatı da dərmanların yüzdə 6-nın saxta olduğunu açıqlayıb. Təşkilat dərmanların reklam sayəsində alınmasına qarşı çıxıb.