Xarici İşlər Nazirliyi səfirləri üçün iftar süfrəsi açdı

Xarici İşlər Nazirliyi səfirləri üçün iftar süfrəsi açdı

Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb.

Nazirlikdən verilən məlumata görə, nazir müavini Xələf Xələfov Azərbaycan dövlətinin İslam mədəniyyətinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, ölkə rəhbərliyinin İslam abidələrinin qorunub bərpa olunmasını daim diqqət mərkəzində saxladığını bildirdi.

Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyinin təqdirəlayiq hal olduğunu qeyd etdi.

O, Azərbaycanda İƏT çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirildiyini bildirdi. Həmçinin, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsinin planlaşdırıldığını, Naxçıvanın 2018-ci il İslam mədəniyyəti paytaxtı elan olunduğunu qeyd etdi.

İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa, ədalətə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etdiyini vurğulayan X.Xələfov üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi vacibliyini bildirdi. O, 2016-cı ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT çərçivəsində xarici işlər nazirləri səviyyəsində Təmas Qrupunun yaradılması bərədə qərarın qəbul edildiyini qeyd edərək, yaxın zamanlarda Təmas Qrupunun fəaliyyətə başlamasının münaqişənin həllinə öz töhfəsini verəcəyini vurğuladı.

X.Xələfov İslamafobiya meyllərinə qarşı mübarizə aparmaq üçün birgə səylərin artırılmasının vacibliyini bildirdi. İslamın tolerantlıq dini olduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini və bu il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirildiyini diqqətə çatdırdı.

X.Xələfov müqəddəs ayda İslam dünyası ölkələrinə sülh, əmin-amanlıq, inkişaf və rifah arzuladığını diqqətə çatdırdı.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirdi və Ramazan ayı münasibətilə Azərbaycan xalqına ən xoş arzularını ifadə etdi. 

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR