Daha yaxşı təhsil almaq üçün xarici ölkələrə üz tutanlar gənclərimiz az deyil. Bəs bunun üçün hansı qaydaları bilmək və əməl etmək lazımdır?
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyindən bildiriblər ki, əgər kimsə xaricdə təhsil almaq istəyirsə, əvvəlcə seçəcəyi ali təhsil müəssisəsinin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığı əvvəlcədən araşdırılmalıdır. Bunun üçün Enic-Naric onlayn şəbəkəsindən (www.enic-naric.net) istifadə edərək müvafiq ölkə üzrə tanınan ali təhsil müəssisələri haqqında məlumat əldə etmək olar. (ENİC - İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi, NARİC - Akademik Tanınma üzrə Milli Mərkəzlər). Həmçinin, ali təhsil müəssisəsindən akkreditasiya sənədi tələb etmək olar.
Bundan əlavə, xaricdə təhsil almaq istəyənlərin aşağıdakılara diqqət yetirməsi vacibdir:
Dərslərə davamiyyət - təhsil müddətində normativlərə uyğun olaraq dərs məşğələlərində iştirak etməlisiniz;
Tədris dili üzrə bilik - tədris proqramını mənimsəyəcək qədər tədris dilini bilməlisiniz;
Təhsil forması - bir ixtisas üzrə hər hansı təhsil formasına ölkəmizdə yol verilmirsə, başqa bir ixtisası seçməyiniz məqsədəuyğundur;
Təhsil müddəti - əsassız olaraq bir tədris proqramını normativlərdən az müddətə bitirmək yolverilməzdir;
Bakalavriat və magistratura ixtisasları arasında uyğunluq - ölkəmizdə mövcud qanunvericiliyə əsasən magistratura bakalavriatın əsasən davamı olmalıdır;
Təhsil sənədinin verdiyi hüquqlar - Əgər təhsil sənədinin alındığı ölkədə verilən akademik və ya peşə hüquqları məhduddursa (məsələn, növbəti təhsil pilləsində birbaşa davam etdirmək hüququ vermirsə) ölkəmizdə də həmin hüquq verilməyəcək.
Xaricdə təhsili bitirdikdən sonra isə ali təhsil haqqında sənədlər tanınma üçün təqdim edilməmişdən əvvəl verildiyi ölkədə müvafiq qaydada leqallaşdırılmalıdır.
Bir qayda olaraq "Haaqa Konvensiyası"na qoşulan dövlətlərin ali təhsil haqqında sənədləri (diplom və ona əlavə) "apostil" möhürü ilə leqallaşdırılır. Apostilin 3-cü bəndində rektorun imzasının, 4-cü bənddə isə universitetin möhürünün həqiqiliyi təsdiq olunur.
"Haaqa Kovensiyası"na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində (və ya təhsilin keyfiyyətinə nəzarət edən səlahiyyətli qurumda) müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırılmalıdır.
Əlavə məlumat üçün hər həftənin çərşənbə günü saat 16:00-dan 17:00-dək Təhsil Nazirliyi yanında Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmək olar.