«Xalqın səsi Tanrının səsidir»

«Xalqın səsi Tanrının səsidir»

Qüdrət Həsənquliyev: «İnkişafa yol açacaq islahatlar üçün cəmiyyətdə dinamik sabitliyin olması çox vacibdir»

Aktual.az  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuculara təqdim edir:
 
- Qüdrət bəy, Laçından Ermənistana sərhəd keçid məntəqəsinin bağlanması ölkəmiz üçün hansısa mənfi nəticələr doğura bilərmi?

- Narahat olmağa dəyməz, İlham Əliyev nə etdiyini yaxşı bilir. Ermənistan 10 noyabr sazişi üzrə öhdəliklərini yerinə yetirmir. Əgər ciddi qərarlar qəbul etməsək Ermənistan danışıqları sonsuzluğa qədər uzatmaqla Qarabağdakı mövcud status-kvonu qorumağa və seperatçı rejimin Rusiyanın himayəsi altında de-fakto «müstəqilliyini» təmin etməyə çalışacaq. Yolun bağlanması barədə qəbul olunmuş qərarı xalqımız tam müdafiə edir. Ermənistan tezliklə öhdəliklərini yerinə yetirməsə növbəti qərarlar qəbul olunmalı, Ermənistandan gələn internet, qaz və elektrik xətləri kəsilib Azərbaycanın müvafiq şəbəkələrinə qoşulmalıdır. Azərbaycan dünyaya bir daha bəyan etməlidir ki, Qarabağ ermənilərinin bütün təchizatını öz üzərinə götürür. Bundan sonra Ermənistan hərbi birləşmələrinin tərkisilah olunması üçün Qarabağda antiterror əməliyyatı keçirilməli, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Xankəndidə dövlət hakimiyyəti və yerli özünüidarə orqanları formalaşdırılmalıdir.

- Gədəbəydə baş verən hadisələrə də münasibətinizi bilmək istrədik…

- Gözəl ifadə olunmuş və çox bəyəndiyim bir fikir var: «Xalqın səsi Tanrının səsidir'. Hökumət yerli sakinlərin şikayətlərini ciddi araşdırmalıdır. Etiraz etmək onların hüququdur. Baş nazir tərəfiindən yaradılmış komissiya ümid edirəm bəzi məsələlərə aydınlıq gətirəcək. Amma bu komissiya obyektiv həqiqətin üzə çıxarılması üçün yetərli deyil. Söyüdlü kəndində baş vermiş ölüm hadisələri ilə qızıl emal edən şirkət tərəfindən zəhərli maddələrin təbiətə axıdılması arasında səbəbli əlaqənin olmasını araşdırmaq üçün tibbi ekspertiza komissiyası da yaradılmalıdır. Şirkət zəhərli maddələri təmizləmədən təbiətə axıtmaqla Azərbaycanın qanunlarını pozubsa, buna görə məsuliyyətə cəlb olunmalı və qısa müddətdə yeni texnologiyalar tətbiq etməzsə həmin şirkətin milliləşdirilməsi məsələsinə baxılmalıdır. Vətəndaşlar şirkətin günahından həyatlarını itiribsə onların yaxınlarına, o cümlədən sağlamlığını və mal-heyvanını itirənlərə ədalətli şəkildə kompensasiya ödənilməlidir. Yox, vətəndaşlara, onların mal-qarasına şirkətin fəaliyyətinin nəticəsi olaraq ziyan vurulmayıbsa nüfuzlu ekspert rəyləri ilə onları buna inandırmaq lazımdır.

Hadisələr zamanı polis və yerli sakinlər arasında qarşılıqlı zəmində baş vermiş zorakılıq çox üzücüdür. Biz hər cür zorakılığa qarşı olmalı, onu pisləməliyik. O da üzücüdür ki, polisi daşlayanlar ictimai qınaqdan kənarda qalıb. Hadisələr növbəti dəfə göstərdi ki, siyasi vəzifələrə siyasətçilər təyin olunmayanda ekstremal şəraitdə onlar öz üzərinə düşən işlərin öhdəsindən gələ bilmir və polis müdaxiləsinə ehtiyac yaranır. Vətndaşlar nəzərə almalıdır ki, polisin də içərisində vəziyyyəti daha da gərginləşdirmək üçün təxribatçılar və ya təhqirlərə dözümlə yanaşa bilməyən, zorakılığa meyilli insanlar ola bilər. Hər cür müqayisə qüsurlu olsa da həqiqət naminə bir misal çəkim. Hər kəs internetdə «police brutality in the US» yazıb axtarış versə görər ki, 1980-2018-ci illərdə polis zorakılığı nəticəsində ABŞ-da 30 min insan qətlə yetirilib. Yalnız keçən il, 2022-ci ildə 1176 nəfər polis zorakılığının qurbanı olub, öldürülüb. Qoy hər kəs bu rəqəmlər üzərində düşünsün və ölkəmizlə müqayisə etsin.

Əlbəttə, DİN daxili araşdırmanı tezliklə başa çatdırıb soyuqqanlı olmağı bacarmayan, aşırı güc tətbiq edən əməkdaşlarını müəyyən edib məsuliyyətə cəlb etməlidir. İnanıram ki belə də olacaq. Ağıllı insanlar hər böhranı yeni bir başlanğıc üçün şans kimi qəbul edir. Müvafiq dövlət orqanları da öz fəaliyyətlərinə bu prizmadan baxmalıdırlar.

Aranı qarışdırıb sabitliyi pozmaqla nələrəsə nail olmaq istəyənləri isə qınamalıyıq. Xalq olaraq əldə etdiklərimizi qoruyub saxlamqla yuxarıdan islahatlar yolu ilə irəli getməliyik. Biz torpaqlarımızı işğaldan tam azad etmək ərəfəsindəyik və çətinliklərə baxmayaraq məhz buna görə tariximizin ən şanlı dövrünü yaşayırıq. Kənardan çalınmış fitlə yersiz çığır-bağır edib hay-küy salanlar isə növbəti dəfə xəyal qırıqlığına uğrayacaqlar. Prezidentə, DİN-ə, DTX-ya, Prokurorluğa qarşı aparılan sistemli gözdənsalma kampaniyası xalqımız tərəfindən dəstəklənmir. İnsanlar başa düşürlər ki, icitimai və dövlət həyatımızın bütün sahələrində problemlər var və həmin problemlərin bir çoxu cəmiyyətin inkişaf səviyyəsinə, xalqımızın hələ də qurtara bilmədiyi pis vərdişlərə, ənənələrə bağlıdır. Həm də elə bir ölkə yoxdur ki, az və ya çox olmasından asılı olmayaraq oxşar problemlərlə üzləşməsin. Nöqsanlar tənqid olunsa da xalqımız həmin dövlət orqanlarının ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsi istiqamətindəki fəaliyyətlərini qiymətləndirməyi bacarır. İnkişafa yol açacaq islahatlar üçün cəmiyyətdə dinamik sabitliyin olması çox vacibdir. Həmin orqanlar da xalqın onlara olan etimadını layiqincə qiymətləndirməli, öz fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR