Qüdrət Həsənquliyev: "Heydər Əliyev XX əsrdə xalqımızın içərisindən çıxan, dərin zəkası və idarəetmə istedadı ilə seçilən nadir və ən böyük dövət adamı və tarixi şəxsiyyətdir”
"XX-ci əsr bütün ağrı-acılarına və uğursuzluqlarımıza rəğmən xalqmızın tarixində müstəqil dövlət qurmağa, 2 il sonra müstəqilliyimizi itirsək də, onu yenidən bərpa etməyə nail olduğumuz üçün əlamətdardır. Heydər Əliyev XX əsrdə xalqımızın içərisindən çıxan, dərin zəkası və idarəetmə istedadı ilə seçilən nadir və ən böyük dövət adamı və tarixi şəxsiyyətdir".
Aktual.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin iyunun 14-də keçirilən plenar iclasında deyib.
BAXCP sədri qeyd edib ki, XX-ci əsrin 80-ci illərində Azərbaycan növbəti dəfə torpaq itirmək təhlükəsi ilə üz-üzə qalanda, ölkəmizdə Qarabağı xilas etmək üçün, sonradan milli azadlıq hərəkatına çevrilən, böyük xalq hərəkatı yarandı:
"Amma sovet hakimiyyəti illərində insanların siyasətdən uzaq tutulması və onların totalitar bir rejimdə, qorxu mühitində formalaşması, xalqımızın rüşvətxor və istismarçı məmur təbəqəsinə nifrəti siyasi və idarəetmə təcrübəsinə malik güclü şəxsləri hərəkatın önünə çıxarmağa imkan vermədi. Heydər Əliyev 70-ci illərdə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün xeyli işlər görsə də xalqımızın sosial inkişaf indeksi arzuladığımız səviyyədə deyildi. Azərbaycan Kommunist Partiyasının qorxaq və Moskvaya sadiq müti rəhbərləri, kiçik istisnalarla əksəriyyəti yazıq duruma salınmış ziyalılar xalq hərəkatından uzaq dayandı. Bunun nəticəsi olaraq vətənpərvər gəncliklə yanaşı, hərəkata cəmiyyətin xeyli tör-töküntüsü də qoşuldu, onların bir çoxu önə çıxdı və belələrinin səriştəsizliyindən istifadə edərək Moskvaya bağlı çoxlu agent hərəkatdan doğan AXC-nin rəhbərliyinə soxuldu. AXC rəhbərliyində başlayan, yaxud başladılan və kənardan qızışdırılan intiriqalar, yanlış qərarlar,bəzən qərarsızlıq qısa müddətdə hərəkatı xalqın gözündən saldı, onu xalqın dəstəyindən məhrum etdi. AXC rəhbərliyindəki didişmələr, iddialar, təkəbbürlülük, səriştəsizlik, ordakı agentlər 20 Yanvar faciəsinin qarşısını almağa imkan vermədi. Mürəkkəb tarixi şəraitdə hakimiyyətə gələn AXC sədri Əbülfəz Elçibəy qısa müddət sonra anladı ki, mövcud şəraitdə dövləti idarə etmək üçün böyük idarəetmə təcrübəsinə malik güclü dövlət adamına ehtiyac var. Dərhal gözlər AXC-yə ciddi dəstək vermiş, SSRİ-nin saxlanılmasının əleyhinə səs vermiş istiqlalçı deputat Heydər Əliyevə dikildi. 1993-cü ilin iyununda Gəncədə başlayan qiyamın yatırılması üçün edilən ilk cəhd uğursuzluğa düçar olan kimi, son dərəcə üzücü olsa da, deməliyəm ki, siyasi hakimiyyət depressiyaya düşdü və ümidsizlik içərisində son ümid kimi Heydər Əliyev Bakıya, siyasi hakimiyyətə dəvət edildi. Sov.İKP-nin Siyasi Büro üzvü olmuş, SSRİ-də siyasi hakimiyyətin zirvəsinə yüksəlmiş, Kremlin güclü və zəif cəhətlərini, regionda və dünyada baş verənləri dərindən bilən, xalqımızı yaxşı tanıyan, onun mentalitetinə yaxından bələd olan Heydər Əliyev hakimiyyətə gələndən sonra pozucu qüvvələri cilovladı, siyasi istiqrarsızlıqdan istifadə edərək torpaqlarımızı işğal edən Ermənistanın hücumlarını dayandıra bildi, Azərbaycan MDB və KTMT-yə üzv oldu, bölgədə marağı olan böyük güclər arasında balans yaradaraq onları Azərbaycanda sabitliyin olmasında maraqlı etdi, Ermənistanla atəşkəsə nail oldu. Ədalət naminə onu da deməliyəm ki, Əbülfəz Elçibəy hakimiyyəti Heydər Əliyevə təhvil versə də prezident vəzifəsindən istefa verməməklə Heydər Əliyevə olan xarici təzyiqləri xeyli azaltdı, müstəqilliyimizin qorunmasında ona dəstək oldu. Heydər Əliyev ölkənin şimalında, şimal-qərbində, cənubunda baş qaldırmış etnik seperatizmin, vətəndaş qarşıdurmasının qarşısını aldı, ayrı-ayrı şəxslərə bağlı silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Dövlət intizamı,qanunçuluq böyük intellekt, səbr və gərgin əmək sayəsində bərpa olundu. Bu zaman Heydər Əliyevə qarşı terror və qiyam cəhdləri oldu, amma o, Allahın da köməyi ilə bu təhlükələri adlatdı, ölkəmizi qorudu, onu dinc inkişaf yoluna çıxardı. Ölkəmizin təhlükəsizliyinə, Qarabağı azad edəcək Ordu quruculuğuna əsas təminatlardan ən mühümü olan "Əsrin müqaviləsi”ni Qərbin nüfuzlu transmilli neft şirkətləri ilə imzalamağa nail oldu, yeni konstitusiya qəbul edildi, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev ölkəmizi və dövlətimizi böyük təhlükələrdən qoruyub inkişaf yoluna çıxarmaqla adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Yüksək insani keyfiyyətlərə malik Heydər Əliyev tariximizi, mədəniyyətimizi mükəmməl bilirdi. O, çoban Xanışla təmaslarında nə qədər səmimi və sərbəst idisə Putinlə, Buşla, digər dünya liderləri ilə görüşlərində bir o qədər özgüvənli idi. Hamı ona hörmətlə yanaşırdı. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq. Onun hüquqi dövlət və mülki cəmiyyət quruculuğu istiqamətində başlatdığı işlərin uğurla sonuclanması üçün səylərimizi artırmalıyıq. Heydər Əliyev siyasi mədəniyyətin, dövlət ədəb-ərkanının bir çox nümunələrini yaratdı. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun!”
Xəbər 1970 dəfə oxunub.