Gülnar Salmanova mənim yaddaşımda özünəməxsus bir aktrisa, gülərüz bir insan kimi qalıb.
Aktual.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, uzun müddət Azərbaycan Televiziyasında yayımlanan "Səhər görüləri" proqramında mərhum aktrisa Gülnar Salmanovanın tərəf müqabili olmuş Ağaxan Salmanlı bildirib.
Onun sözlərinə görə, G.Salmanovanın özünəməxsus səsi, xoş görünüşü olub: "Yaxşı aktrisa idi. Yaradıcılığında səsi ilə yadda qalmışdı. Çox zil səs idi. Nəinki vokalda, hətta danışıqda da. Bir insan kimi də mehriban, gülərüz idi. Təbii, mən onu çəkilişdən-çəkilişə görürdüm, yəqin teatrdakı tərəf müqabilləri daha yaxşı xarakterizə edərlər".
A.Salmanlı qeyd edib ki, tamaşaçıların böyük əksəriyyəti onları ər-arvad kimi tanıyıblar: "Onunla çox hadisələr olub. Məni tədbirlərə, toya çağırıblar. Mən də getmişəm. Tökülüşüblər üstümə ki, niyə tək gəlmisən, biz elə bilirdik yoldaşınla gələrsən. Əvvəl başa düşmürdüm, yoldaşımın bura nə dəxili. Sonradan Gülnarın hal-əhvalını soruşanda, bilirdim ki, bunlar səhv salıblar. Açıqlayırdım ki, biz sənət yoldaşıyıq, həyat yoldaşı yox. Soyadlarımızın eyniliyi siz çaşdırmasın".
Xatırladaq ki, Musiqili Teatrın aktrisası, əməkdar artist Gülnar Salmanova uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də dünyasını dəyişib. Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkirdi.