Asiya Beyin Mərkəzləri Samiti mayın 20-dən 23-dək Fillipinin Manila şəhərində təşkil ediləcək. Samitdə Asiya qitəsini təmsil edən 50-dən çox beyin mərkəzi ilə yanaşı, ABŞ və Avropada fəaliyyət göstərən çoxlu sayda aparıcı təşkilatlar iştirak edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Vüqar Bayramov facebbok səhifəsində məlumat paylaşıb.
Sözügedən tədbirdə Cənubi Qafqaz və Orta Asiyanı Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edəcək. Bu il də regionun aparıcı beyin mərkəzi seçilən CESD artıq 4 ildir ki, bu möhtəşəm tədbirdə yalnız ölkəmizi deyil, eləcədə regionu da təmsil edir. Asiya İnkişaf Bankının prezidentinin də qatılacağı tədbirdə Asiyanın bir neçə ölkəsinin rəsmi nümayəndələri də iştirak edəcəklər.
Samitin açılış panelində çıxışı nəzərdə tutulan CESD-nin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, məruzəsində regionda beyin mərkəzlərinin mövcud vəziyyəti və onların rolunun artırılması məsələlərinə diqqət ayıracaq. Azərbaycanlı alim öz çıxışında beyin mərkəzlərinin dövlət siyasətinə təsir imkanlarının genişləndirilməsi ilə bağlı konkret təkliflər ilə çıxış edəcək.
Qeyd edək ki, 2015-ci ildə də BMT-nin dəstəyi ilə ABŞ-ın məşhur Penselveniya Universitetinin hazirladığı qlobal hesabatda CESD regionun aparıcı beyin mərkəzi seçilib. Azərbaycanlı təşkilat Harvard Universitetinin rəsmi internet səhifəsinə regiondan daxil edilən yeganə beyin mərkəzidir.