MTN-də kök salmış və artıq zərərsizləşdirilmiş qruplaşmanın əməllərindən zərər çəkən sahibkarlar başlarına gələnləri danışmağa başlayırlar.
Belələrindən biri də Bakının "8-ci km" (xalq arasında "vosmoy" kimi tanınır) bazarının keçmiş sahibi Səfər Cəfərovdur. O, vaxtilə MTN-də başına açılan oyunlardan danışıb.
S.Cəfərovun ailəsi böyükdür, onun səkkiz qardaşı var və qardaşlarından bir neçəsi bazarda onunla birlikdə işləyiblər. MTN-in korrupsiyalaşmış əməkdaşları da bundan istifadə ediblər. 2005-ci ildə, günlərin birində ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar.
S.Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DİN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə, ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki, onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər.
Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi "biznesmenə fiziki təzyiq göstərilir", əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər. S.Cəfərov bu qədər pulunun olmadığını deyəndə MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən, bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. İş adamı görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki "Maral Veqa" adlı böyük obyektini MTN-çilərə verməli olub.
Keçmiş nazir Eldar Mahmudovun müavininin yaxın qohumu bu gün də vaxtilə S.Cəfərovdan quldurluq yolu ilə alınmış "Maral Veqa"nın sahibi kreslosunda oturur.
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb. Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.
"MTN işi" ilə əlaqədar, demək olar ki, hər gün həbslər həyata keçirlir. Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun hər birinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
// virtualaz.org