Bəzi valideynlər müraciət edərək yeni doğulmuş uşaqlarına soyad kimi onların ata, baba adını qoymaq istədiklərini, lakin bu sahədə qanunvericilikdən xəbərsiz olduğundan müəyyən problemlər yaşadığını bildiriblər. Ona görə də soruşurlar: "Valideyn uşağına istədiyi soyadı qoya bilərmi? Bu məsələ qanunvericiliklə necə tənzimlənir?"
Qeyd edək ki, soyad daşımaq hüququ Ailə Məcəlləsi ilə təsbit olunub. Məcəlləyə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Qeyd olunur ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
Uşağa ad, ata adı və soyad verilməsi ilə bağlı Ailə Məcəlləsindəki hüquq normaları Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə əsaslandırılıb.
Lakin uşağa valideynlərin soyadından fərqli soyadın verilməsi, habelə ata adına uyğun soyadın verilməsi Ailə Məcəlləsində və adıçəkilən Qaydalarda nəzərdə tutulmayıb. Yəni mövcud qanunvericiliyə görə, uşağa yalnız valideynin və ya valideynlərdən birinin soyadına uyğun soyadın verilməsi mümkündür.
Soyad sonluğuna dəyişiklik edilməsi məsələsinə gəlincə, bu, Milli Məclis tərəfindən 2 fevral, 1993-cü il tarixli "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" qərarı, həmçinin Nazirlər Kabinetinin "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə tənzimlənir.
Bu qərar və qaydalara görə, soyad sonluqlarının dəyişdirilməsi məcburi deyil.
Xatırladaq ki, Milli Məclisdə qəbul edilən adıçəkilən qərara əsasən, Azərbaycan vətəndaşları mövcud soyadının kökünə "lı", "li", "lu", "lü", "zadə", "oğlu", "qızı" soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan soyad seçə bilərlər. Məsələn, Abdullayev soyadındakı "yev" sonluğu atılır Abdulla olur, Kərimov soyadında "ov" sonluğu atılır və Kərim soyadı qalır.
Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara görə isə, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən, onun mövcud soyadının sonluğuna dəyişiklik edilə bilər. 18 yaşına çatmayanların isə soyadlarının sonluğuna dəyişiklik yalnız onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi ilə mümkündür.//milli.az