“Vətənsevər” söz qatilləri...

“Vətənsevər” söz qatilləri...

Azərbaycan dövlətinin atributları, bu dövlətin qurucuları, onun ideoloji əsaslarını yaradan, təmsil edən şəxslərin adı ucuz və bayağı mahnılarda, ucuz və bayağı məqsədlər üçün istifadə edilməməlidir!!!

...Xeyli müddətdir ki, dostlarım məndən vətənpərvərlik ruhunda olan mahnılar və marşlar mövzusunda müzakirə açmağı xahiş edirlər. Onların qənaətinə görə bu mövzunun telekanallardan birində gündəmə gətirilməsinə ehtiyac var. Amma əlimdə belə bir imkan olmadığı üçün bu barədə yazmaq qərarına gəldim. 

Kimsəyə sirr deyil bir xalqın, millətin dünyagörüşünün formalaşmasında mühüm rol oynayan istənilən ideyaya, mövzuya qeyri-peşəkar yanaşma son nəticədə bu ideyanın gözdən salınmasına, hətta iztehza obyektinə çevrilməsinə səbəb ola bilər. Bu baxımdan, millətin strateji hədəflərini ehtiva edən, onu birləşdirən, bütövləşdirən dəyərlərə xüsusi həssaslıqla yanaşmaq, onları qorumaq, manipulyasiya, sui-istifadə elementinə çevrilməsinə, gözdən, dəyərdən salınmasına yol vermək olmaz. Çünki bu... mənəvi cinayətdir!

Marşlar, vətənpərvərlik ruhunda olan mahnılar, yüksək dəyərləri, tarixi şəxsiyyətləri və onların xidmətlərini tərənnüm edən nəğmələr, ədəbi əsərlər şəxsiyyətin formalaşması prosesinin ən mühüm amillərindən biri və bəlkə də birincisidir. Məhz buna görə də yüksək bədii zövq, intellekt, strateji düşüncə və peşəkarlıq tələb edir. Təəssüf ki, bu sahədə olan vəziyyət qətiyyən ürəkaçan deyil... Daha doğrusu acınacaqlıdır. Siyasi ritorika, çeynənmiş sözlər, şablon musiqi... əslində insanların bir araya gəlməsinə xidmət etməli olan bu janr və üslubların gözdən salınmasına və son nəticədə əks effekt verməsinə zəmin yaradır.

Bayram günlərində ölkənin demək olar ki, bütün telekanallarında yayımlanan müxtəlif səpkili proqramları izləməyə çalışdım. Adi günlərdə təəssüf ki, buna imkan olmur... İzlədim... və telekanallardan birində ətrafından qalmaqal, söz-söhbət əskik olmayan, haqqında bir çoxlarının ürkərək, çəkinərək danışdığı bir müğənninin “sözlərinə” sabiq nazirlərdən birinin “bəstələdiyi” “mahnı”nı dinləmək məcburiyyətində qaldım. Mahnıdakı əlaqəsiz sözlər, ritorika, zövqsüz pafos verilişdə baş verən ikrah doğurucu, Azərbaycan cəmiyyətini aşağılayan, kiçildən məqamları belə mənə unutdurdu... İndi sabiq nazir – Sirus Abbasbəyli reabilitasiya olunmaq üçün başqa bir vasitə tapmırsa, əttökən bir ortamda gülünc bir duruma düşməyi özünə yaraşdırırsa, haqqında verilən yanlış məlumatı rahatlıqla həzm etməyi bacarırsa, bu, onun öz problemidir. Amma heç bir halda Azərbaycan dövlətinin atributları, bu dövlətin qurucuları, onun ideoloji əsaslarını yaradan, təmsil edən şəxslərin adı ucuz və bayağı mahnılarda, ucuz və bayağı məqsədlər üçün istifadə edilməməlidir!!!

Mətləbdən ayrılmayaq... Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı yayımlanan TV proqramlarında ən çox ifa olunan mahnılardan biri də “Azəri torpağı” idi. Doğrusu, hər dəfə bu mahnının müxtəlif dövlət tədbirlərində oxunduğunu görəndə təəccüblənirəm. Yəni bu mahnının söz yığınından ibarət olduğuna kimsə diqqət yetirmir? 

Azəri torpağının hamımız övladıyıq,

Bakı bizim anamız, ona candan bağlıyıq.

Sən saç ey Günəşim Azərbaycanıma,

Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma...

Azərbaycanda ən müxtəlif səviyyələrdə dəfələrlə vurğulanıb ki, biz “azəri” deyilik! “Azəri” fars şovinistləri tərəfindən bizə zorla sırınmış, millətimizin parçalanmasına, bölünməsinə xidmət edən uydurma bir addır. Bu söz öz “elmi” əsasını fars tədqiqatçısı Əhməd Kəsrəvinin 1921-ci ildə nəşr etdirdiyi "Azəri ya Zəban Bastane Azərbaycan" adlı əsərindən götürür. Müəllif bu əsərində azərbaycanlıların türksoylu olmadıqlarını iddia edir. Kəsrəviyə görə Azərbaycan dili türk dili ailəsinə mənsub deyil və İran mənşəlidir. Onun iddiasına görə azərilər Səlcuqların İrana gəlməsi ilə türkləşməyə başlayıblar.

Bu məsələnin elmi-ideoloji tərəfi... Mahnıdakı sözlərin bayağılığı isə, necə deyərlər göz çıxarır. Görəsən bu mahnının sözlərini “yazan” müəllif “Sən saç ey Günəşim” “misrası” ilə nə demək istəyir? Günəş nə saçsın? İşıq, şüa, şəfəq, alov... nə? Bu “mahnının” mətninin ən təhlükəli tərəfi isə Vətən anlayışının yalnız Bakı şəhəri ilə məhdudlaşdırılmasıdır: “Əzizdir mənə vətənim, mən bağlıyam Bakıma”. 

Başqa bir məşhur mahnıya – Zülfiyə Xanbabayevanın ifasında populyarlıq qazanan “Azərbaycan” mahnısının sözlərinə diqqət yetirək:

Bu dünyanın bir adı var - canım mənim məmləkətim,

Günəş kimi daim yanar Odlar yurdu məhəbbətim,

Bu sözlərin müəllifi İsmayıl Dadaşovdur. Mahnının ifasına söz ola bilməz, amma mətn bir-biri ilə uzlaşmayan söz yığınından başqa bir şey deyil. Çox güman ki, müəllif bu iki sətirdə “Azərbaycanın canı qədər sevdiyi bir məmləkət olduğunu, dünyanın onun üçün Azərbaycandan ibarət olduğunu” demək istəyir, amma deyə bilmir və ortalığa dilimizin bütün qanunlarını alt-üst edən söz yığını çıxır. Və yaxud “odlar yurduna olan məhəbbətim daim Günəş kimi yanır” və ya “odlar yurdu adlı məhəbbətim daim Günəş kimi yanır” demək istəyir və yenə deyə bilmir... 

Son illər vətənpərvərlik ruhunda yazılan, yaxud tarixi şəxsiyyətləri tərənnüm edən uğurlu mahnılar da var. Qənaətimə görə, bu uğurlu əsərlərin ön sırasında Ağadadaş Ağayevin ifasında məşhurlaşan “Xalq Heydər söyləyəcək”, yaxud Tünzalə Ağayevanın ifa etdiyi “Mən Azərbaycanlıyam” mahnıları dayanır. Burada söhbət birmənalı şəkildə peşəkarlıqdan, mətnin və musiqinin uzlaşmasından, bədii-estetik keyfiyyətindən, səmimiliyindən gedir... 

Amma yüksək peşəkarlıq və zövqlə yazılmış belə nümunələrin sayı təəssüf ki, barmaqla sayılacaq qədərdir. İctimai rəyə zorla sırınan ritorik və bayağı mahnılar isə üstünlük təşkil edir. 

Bütövlükdə isə müstəqillik dövründə yaranan iki əsəri milli vətənpərvərlik ruhunda yazılmış və yazılacaq mahnılar üçün qızıl nümunə hesab edirəm. Hər iki mahnını xalq artisti Mübariz Tağıyev ifa edib. Bunlardan birincisi musiqisi Eldar Mansurova, sözləri Nahid Hacızadəyə məxsus “Ulu torpaq”, digəri isə sözlərinin müəllifi Cabir Novruz, bəstəkarı isə Faiq Sücəddinov olan “Vətəndən pay olmayır” mahnısıdır.

Hər iki mahnının sözlərindən nümunə gətirməklə insanların vətənpərvərlik hisslərindən, öz dövlətlərinə, tarixi şəxsiyyətlərinə olan sevgilərindən sui-istifadə edib bayağı mahnılar üyüdənlərə “utanın” demək istəyirəm... Oxuyun və bacarsanız, utanın:

Ulu torpaq

Günəşimiz saralıbdı,

Göylərimiz qaralıbdı,

Qarabağı sar alıbdı.

Dərd bürüyüb, solu, sağı...

Tanrı, qurtar bu sınağı!

Qalx, qalx, ulu torpaq.

Qalx, qalx ulu bayraq,

Qalx, qalx, sən ey mərd xalq,

Yer titrəsin məhvərindən!

(Nahid Hacızadə)

Vətəndən pay olmayır

Vətəni sevmək azdır, 

Onu qorumaq gərək.

“Vətənim” demək azdır, 

Vətənin olmaq gərək.

Onun adi torpağı 

Ruhdan, candan irəli.

O atadan qabaqdır, 

O anadan irəli.

Bilir ərlər, ərənlər, 

Vətənə tay olmayır.

Ömürdən pay verərlər, 

vətəndən pay olmayır.

(Cabir Novruz)

P.S. Bu sahəyə senzura tətbiq etmək şübhəsiz ki, çıxış yolu deyil və imkansızdır. Amma söhbət Azərbaycan vətəndaşının bir şəxsiyyət, bir vətənsevər kimi formalaşmasından, dövlətimizin adının, atributlarının, dəyərlərimizin, tarixi şəxsiyyətlərimizin və onların xidmətlərinin təbliğ olunmasından gedirsə, bu artıq kifayət qədər ciddi və strateji əhəmiyyət daşıyan məsələdir. Bu sahəni qeyri-peşəkarların və sui-istifadəçilərin ümidinə buraxmaq isə çox ciddi problemlərə yol aça bilər...


Elçin Mirzəbəyli

Xəbər 761 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR