Vətən müharibəsi iştirakçısı: "Olimpiadada çempion olmaq istəyirəm"

Vətən müharibəsi iştirakçısı:

"Avropa çempionatı mənim üçün çox önəmli idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada keçirilmiş qitə çempionatında iştirak etmişdim".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal əldə edən Azərbaycanın sərbəst güləşçisi Əfqan Xaşalov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

57 kq çəki dərəcəsində çıxış edən idmançı Avropa çempionatı ərəfəsində Kiyev turnirinə qatıldığını xatırladıb: "Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim. Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız çox az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik. Şükürlər olsun ki, medalsız qalmadım. Qismət olsa, olimpiya çempionu olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram".

Xaşalov yarışın ağır keçdiyini söyləyib: "Çünki çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisi ilə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım. Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”.

Qeyd edək ki, Əfqan Xaşalov Vətən müharibəsi iştirakçısı olub.
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR